Azərbaycan, Bakı, 26 may /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçin etimadnaməsini qəbul edib. Məlumatı Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.
Səfir Zoran Vayoviç fəxri qarovul dəstəsinin qarşısından keçib.
Zoran Vayoviç etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib. Prezident İlham Əliyev Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin uğurla və dinamik inkişaf etdiyini bildirib. Serbiyada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Dövlətimizin başçısı Azərbaycan ilə Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etməsinin əhəmiyyətini də vurğulayıb. Prezident İlham Əliyev Zoran Vayoviçə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Zoran Vayoviç Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən məmnunluğunu bildirib. Diplomat ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.