...

Cənubi Koreyada ermənilərin təxribatının qarşısı alınıb

Siyasət Materials 6 İyun 2011 08:21 (UTC +04:00)
02-05 iyun 2011-ci il tarixlərində Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilmiş 24-cü Koreya Dünya Səyahət Sərgisində müxtəlif ölkə nümayəndələri ilə yanaşı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin bir sıra turizm təşkilatları "Azərbaycan Respublikası köşkü" ilə təmsil olunmuş, respublikamızın turizm məkanları haqqında sərgi iştirakçılarına məlumatlar verərək materiallar paylamışlar.
Cənubi Koreyada ermənilərin təxribatının qarşısı alınıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

02-05 iyun 2011-ci il tarixlərində Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilmiş 24-cü Koreya Dünya Səyahət Sərgisində müxtəlif ölkə nümayəndələri ilə yanaşı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin bir sıra turizm təşkilatları "Azərbaycan Respublikası köşkü" ilə təmsil olunmuş, respublikamızın turizm məkanları haqqında sərgi iştirakçılarına məlumatlar verərək materiallar paylamışlar. Bu barədə Azərbaycanın Cənubi Koreyadakı səfirliyinin məlumatında bildirilir.

Koreya Dünya Səyahət Sərgisində Ermənistan tərəfdən "Armintour" adlı səyahət şirkəti iştirak etmişdir.

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi tərəfindən "Armintour" şirkətinin payladığı səyahət broşürlərinin birində Ermənistana təşkil edilən turist marşrutlarına Azərbaycanın işğal olunmuş Xankəndi və Şuşa şəhərlərinin adlarının da əlavə olunduğu aşkar edilmiş, məsələ ilə bağlı dərhal Koreya Dünya Səyahət Sərgisinin təşkilat komitəsinə müvafiq müraciət ünvanlanmaqla yanaşı, sərginin təşkilatçısı olan "KOTFA" şirkətinin prezidenti ilə görüş keçirilərək, dövlət və ya özəl səviyyədə olmasından asılı olmayaraq, Azərbaycanın işğal altında olan ərazilərinə turist marşrutlarının təşkilinin beynəlxalq qanuna zidd olduğu və Azərbaycanın ərazi bütövlüyünü kobud şəkildə pozduğu bildirilmişdir.

Səfirlik tərəfindən daha sonra erməni tərəfinin bu kimi addımının istənilən beynəlxalq sərginin, o cümlədən Koreya Dünya Səyahət Sərgisinin imicinə xələl gətirə biləcəyi vurğulanmış, sözügedən broşürlərin erməni köşkündən yığışdırılması xahiş edilmişdir.

Koreya tərəfi Azərbaycanın mövqeyinin anlaşılan olduğunu bildirməklə yanaşı, işğal olunmuş ərazilərin səyahət marşrutlarına salınmasının və bunların reklam broşürləri vasitəsilə yayılmasının yolverilməz olduğunu qeyd etmişdir.

Koreya tərəfi həmçinin, həmin broşürlərin Koreya Dünya Səyahət Sərgisindən çıxarılacağını, eləcə də cari il ərzində Koreyada keçirilməsi nəzərdə tutulan digər beynəlxalq sərgilər zamanı (misal üçün, 14-cü Busan Beynəlxalq Səyahət Sərgisi, 02-05 sentyabr 2011) erməni tərəfindən paylanmasının qarşısının alınacağını diqqətə çatdırmışdır.

Sonradan Səfirlik tərəfindən erməni köşkünə keçirilmiş növbəti baxış zamanı haqqında danışılan broşürlərə təsadüf edilməmişdir.

Xəbər lenti

Xəbər lenti