...

AŞPA sədri Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinə aydınlıq gətirib

Siyasət Materials 20 İyun 2011 15:14 (UTC +04:00)
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə sıx bağlıdır.
AŞPA sədri Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinə aydınlıq gətirib

Fransa, Strasburq, 20 iyun /Trend, müxbir A.Məhərrəmli/

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə sıx bağlıdır. Trend-in məlumatına görə bunu AŞPA-nın sədri Mövlud Çavuşoğlu qurumun yay plenar sessiyasının ilk iş günündə keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan münasibətləri və imzalanan protokların ratifikasiyası ilə bağlı suala cavabında deyib.

"Türkiyə və Ermənistan arasında münasibətlərin qurulmasına gəldikdə, qeyd etməliyəm ki, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə sıx bağlıdır. Türkiyənin Baş naziri də bu ölkə ilə Ermənistan arasında münasibətlərin qurulması və protokolların ratifikasiya edilməsinə dair bir sıra şərtlər irəli sürüb. O qeyd edib ki, əgər bu şərtlər yerinə yetirilsə, protokollar Türkiyə parlamenti tərəfindən ratifikasiya edilə bilər. Burada iki ölkə arasında bir sıra şərtləri özündə əks etdirən razılıqdan söhbət gedir. Bu şərtlər arasında yazılı olmayan (sənəddə yer almayan) şərtlər də var. Siz bunları bilirsiniz. İndi protokolların ratifikasiyası bu şərtlərin hər iki ölkə tərəfindən qəbul edilib-edilməməsindən asılıdır. Bu protokollar Fransa, Rusiya xarici işlər nazirləri, eləcə də ABŞ dövlət katibinin iştirakı ilə imzalanıb", - Çavuşoğlu deyib.

İyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti