Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov iyunun 20-də bu ölkənin Xalq Məclisinin sədri xanım Tsatska Tsaçeva ilə görüşmüşdür.
Trendə Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, görüşdə E. Kərimov Azərbaycanın sosial-iqtisadi inkişafı, energetika siyasəti, bütün sahələrdə həyata keçirilən uğurlu islahatlar, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir.
Bolqarıstanın Azərbaycan ilə energetika sahəsində əməkdaşlığa böyük önəm verdiyini vurğulayan E.Kərimov münasibətlərin təhsil, mədəniyyət, turizm, kənd təsərrüfatı, yüngül sənaye sahələrində də inkişaf etdirilməsinin zəruriliyini vurğulamış, bunun üçün böyük potensialın olduğunu bildirmişdir.
E. Kərimov ölkələr arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışmış, bu münasibətlərin Azərbaycan-Bolqarıstan əməkdaşlığının inkişafına müsbət təsir göstərdiyini qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycanın parlamentlərarası əlaqələrin inkişafına xüsusi diqqət yetirir və bu istiqamətdə lazımi tədbirlərin görülməsinə hazırdır. Diplomat, Milli Məclisdə yaradılmış dostluq qrupu barədə məlumat vermiş, parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, təcrübə mübadilələrinin, birgə tədbirlərin təşkilinin zəruriliyini vurğulamış, xanım T.Tsaçevanı Azərbaycana rəsmi səfərə dəvət etmişdir.
T.Tsaçeva Azərbaycanın iqtisadi-siyasi qüdrəti ilə regionda lider ölkə olduğunu, Avropa və dünya ölkələri üçün vacib əhəmiyyət daşıdığını qeyd etmişdir. Bildirmişdir ki, Bolqarıstan Azərbaycan ilə energetika sahəsində əlaqələrin inkişafına xüsusi diqqət yetirir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yönələn bütün layihələrdə iştirak etməkdə maraqlıdır.
Xalq Məclisinin sədri ölkəsinin turizm, kənd təsərrüfatı, yüngül sənaye sahələrinin vəziyyəti barədə məlumat vermiş, bu sahələrdə də əməkdaşlığın inkişafının vacibliyini qeyd etmişdir.
T. Tsaçeva parlamentlərarası münasibətlərin inkişafında maraqlı olduqlarını bildirmiş, dostluq qrupları ilə yanaşı, komissiyalar səviyyəsində də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.