Azərbaycan, Bakı, 21 iyun /Trend/
İran parlamenti Prezident Mahmud Əhmədinejadın gənclər və idman naziri vəzifəsinə namizədi Həmid Səccadinin namizədliyini təsdiqləməyib. Bu barədə Trend İranın parlemannews.com saytına istinadən məlumat verir.
Parlament bugünkü iclasında Əhmədinejadın gənclər və idman naziri vəzifəsinə təqdim etdiyi şəxsin namizədliyini araşdırıb və səsverməyə çıxarıb. Nazirin namizədliyinin lehinə 87, əleyhinə 137 nəfər səs verib, 23 nəfər bitərəf qalıb. Ümumilikdə səsvermədə parlamentin 247 üzvü iştirak edib.
İran parlamentinin spikeri Əli Laricani ölkə prezidentindən gənclər və idman nazirliyinə yeni namizəd təqdim etməsini istəyib.
İyunun 14-də İran Prezidenti Mahmud Əhmədinejad ölkənin gənclər və idman naziri vəzifəsinə namizədini Şura Məclisinin (parlament) Rəyasət Heyətinə təqdim etmişdi. Əhmədinejad yeni yaradılmış Gənclər və İdman Nazirliyinin rəhbəri vəzifəsinə Həmid Səccadinin namizədliyini irəli sürüb.
İran parlamenti cari ilin yanvarında Milli Gənclər və Bədən Tərbiyəsi təşkilatlarının birləşdirilərək Gənclər və İdman Nazirliyinin yaradılması barədə qanunu təsdiq edib. Sonradan qanunun Nəzarət Şurasında da təsdiqlənməsinə baxmayaraq, Əhmədinejad hökuməti bu qanunun icrasını gecikdirirdi.