Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir E.Tarıverdiyeva/
Avropa İttifaqına sədrlik Polşa üçün çox vacibdir, çünki Varşava yarım il ərzində, əlbəttə ki, daha çox daxili sahədə Aİ-nin işlərinin əksəriyyətini idarə etmək imkanı əldə edəcək. Bu barədə Polşanın Azərbaycandakı səfiri Mixal Labenda iyulun 1-dən ölkəsinin Aİ-yə sədrliyi ərəfəsində Trend-ə müsahibəsində bildirib.
"Aİ çox böyük strukturdur və Polşa bütün digər öhdəliklər arasında on müxtəlif şuraya sədrlik edəcək", - səfir deyib.
Polşanın Aİ-yə sədrliyinin prioritetləri
Səfirin sözlərinə görə, Polşanın sədrliyinin Varşava üçün eyni dərəcədə vacib olan bir çox prioritetləri var: nümunələrdən biri Rəqabət işləri üzrə Şuradır.
"Adi öhdəliklərlə yanaşı, biz elektron ticarətin inkişafına yardım etmək istəyirik. Bundan əlavə, biz istərdik ki, Polşanın sədrliyi zamanı patent müdafiəsinin vahid sisteminin tətbiqi üzrə işləri başa çatdıraq. Biz "Şərq tərəfdaşlığı" ölkələri üçün gömrük sahəsində fəaliyyət planına diqqəti cəmləşdirməliyik. Bunlar yalnız Polşanın on şuradan birində baxacağı 16 prioritetdən üçüdür. Təsəvvür edin, bizim qarşımızda hansı həcmdə böyük və məsuliyyətli işlər durur və əgər bunların öhdəsindən gəlsək, bu böyük nailiyyət olar", - Labenda bildirib.
O deyib ki, Aİ üçlük sistemində işləyir - üç ölkə hər biri yarım il Aİ-yə sədrlik edir ki, bu da işin perspektivini artırır.
"Biz İrlandiya, Litva və Yunanıstanla gələcək sədrliklərlə bağlı fəal işləyirik. Bu, növbəti sədrlik zamanı baş verəcək və təməli Polşanın sədrliyi zamanı qoyulacaq (bu, Aİ üçün mübahisəsiz üstünlükdür) 2014-2020-ci illərdə büdcə planı üzərində işin başlamasıdır. Bizim sədrliyimiz dövründə artıq bu plan üzərində işlərə başlanılır", - səfir bildirib.
Labenda bildirib ki, polyakın büdcə işləri üzrə komissar olduğu və iyunda Aİ-nin iqtisadi baxımdan çox mühüm olan "Avropa-2020" strategiyasını qəbul etdiyi nəzərə alınarsa, bu, bir neçə gələcək sədrliklər üçün ən əsas məsələ olacaq.
Onun sözlərinə görə, "Avropa-2020" zərfinin məqsədi sosial ədalət və Avropa iqtisadi məkanının birləşdirilməsi məsələləri daxil olmaqla, Aİ-nin iqtisadi məqsədlərinin, rəqabət qabiliyyətliliyin artırılması və daxili birləşmədir. Polşa avrodan istifadə zonasına daxil olmasa da, avrozonanın gücləndirilməsi məsələsi və onun rəqabət qabiliyyətliliyinin saxlanması Varşavanın Aİ sədri kimi ən mühüm vəzifələrindən biridir. Çünki Aİ uzunmüddətli perspektiv üzrə işləyir. Artıq bu gün 2010-cu ildəki səviyyə ilə müqayisədə işlənmiş qazların 2050-ci ilədək azaldılması proqramı üzrə işlərə başlanılır.
Bundan başqa, Aİ qısamüddətli qərarlarla bağlı çoxlu məsələlərə də malik olacaq və onların arasında əlbəttə ki, Aİ-nin genişləndirilməsi məsələsi də var.
" Biz gözləyirik ki, Aİ-yə sədrliyimiz zamanı Xorvatiyanın daxil olması haqqında müqavilənin qəbul edilməsi prosesinə başlanacaq. Eləcə də İslandiya ilə danışıqlar prosesi davam etdiriləcək və əlbəttə ki, Polşa Türkiyə ilə danışıqlar prosesini daha da irəlilətmək üçün hər şeyi edəcək. Türkiyə məsələsi çox çətindir, lakin Varşava Türkiyənin Aİ-yə daxil edilməsinin tərəfdarıdır və prosesin mümkün qədər irəliləyə bilməsi üçün əlindən gələni edir", - Labenda bildirib.
Səfirin sözlərinə görə, həmçinin Polşanın üstünlükləri Aİ ölkələrinin daxili tələbat müstəvisində olacaq.
" Biz balıqçılıq haqqında qanunda kompleks dəyişikliklər üzrə birinci layihəni qəbul etməyi planlaşdırırıq. Balıqçılığın kifayət qədər böyük sektor olduğu Polşa üçün bu çox vacibdir, çünki balıqçılar tez-tez etiraz edirlər. Məsələn, Baltik dənizində bu və ya başqa növdən olan balıq ovu üzrə kvota ilə bağlı", - səfir deyib.
Şərq tərəfdaşlığı
Səfirin sözlərinə görə, "Şərq tərəfdaşlığı"Polşa sədrliyi üçün böyük maraq kəsb edir.
"Bu, Polşanın təşəbbüsü olub. Lakin biz istəmirik ki, Polşanın Aİ-yə sədrliyi zamanı " Şərq tərəfdaşlığı" hansısa başqa proqrama ziyan vurmaqla inkişaf etsin və ya Aİ-nin başqa ölkələrlə münasibətlərinə ziyan vursun. Aİ-nin xarici siyasətinin Cənub və Şərq istiqamətləri arasında optimal balans lazımdır", - Labenda bildirib.
Səfir bildirib ki, " Şərq tərəfdaşlığı" Polşanın məhsuludur. "Proqramın bütün aspektlərinin həyata keçirilməsi üçün böyük iş görülüb və biz çox şadıq ki, indi bizim ümumi Avropa proqramımız var və sədrliyimiz dövründə bu proqramın düzgün istiqamətdə irəliləməsi üçün mümkün olan hər şey ediləcək", - o deyib.
Onun fikrincə, bu təşəbbüsün irəliləməsi üçün yaxşı səbəb sentyabrın sonlarında keçiriləcək " Şərq tərəfdaşlığı" sammiti olacaq. "Əlbəttə ki, sammit bütün Aİ və " Şərq tərəfdaşlığı" ölkələri liderlərinin görüşməyinə kömək edəcək mühüm siyasi hadisədir", - səfir hesab edir.
Labendanın sözlərinə görə, Polşa sammitlə birgə iki təşəbbüsün reallaşdırılmasına cəhd edir. Onlardan biri biznes-forumdur ki, orada təkcə iri biznes məsələlərinə deyil, həm də orta biznesin problemlərinə baxılacaq. Bu, avropalı sahibkarlarla " Şərq tərəfdaşlığı" ölkələrinin sahibkarlarının əməkdaşlığını asanlaşdıracaq.
"Viza rejiminin sadələşdirilməsi lap əvvəldən proqramın məqsədlərindən biri kimi qoyulub, uzunmüddətli perspektivdə isə Aİ ilə " Şərq tərəfdaşlığı" ölkələri arasında viza rejiminin ləğv edilməsini nəzərdə tutur. Əlbəttə, buna bir gündə nail olmaq mümkün deyil, bu proses bir müddət vaxt aparacaq. Ümid edirik ki, Avropa Komissiyasının Azərbaycanla viza rejiminin sadələşdirilməsi məsələsi üzrə tövsiyələrinə dair danışıqlar sentyabrda, daha doğrusu, Polşanın sədrliyi dövründə başlayacaq. Biz hər şeyin hüquqi qaydalar çərçivəsində olmasına və uğura ümid edirik", - o deyib.
Labenda bildirib ki, Azərbaycan və bütovlükdə Cənubi Qafqaz üçün Polşadan daha yaxşı vəkil təsəvvür etmək olmaz.
Dağlıq Qarabağ münaqişəsi
"ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransa Aİ ölkələrindən biri olsa da, biz onun orada Aİ-ni təmsil etdiyini hesab etmirik. Əvvəldən o, yalnız öz ölkəsini təmsil edir", - səfir deyib.
Onun fikrincə, Avropa İttifaqı öz tərəfindən bu münaqişənin həllinə yardım etmək üçün çox işlər görür. Lakin Azərbaycan və Ermənistan prezidentləri də və həmsədr ölkələrin liderləri də Minsk qrupunun Dağlıq Qarabağ üzrə danışıqlar üçün yeganə format olması barədə razılaşmaya tərəfdardırlar.
Labendanın sözlərinə görə, heç kim başqa format təqdim etmir, münaqişənin hər iki tərəfinin liderləri məhz bu format çərçivəsində təşkil olunan görüşlərdə iştirak edirlər.
"İndi əldə olunanları dağıtmamaq vacibdir. Münaqişənin nizamlanması prosesi çox həssas konstruksiyadır və indi ən əsası hər şeyi dağıdan "qab-qacaq dükanındakı fil" olmamaqdır. Danışıqların bütün iştirakçıları nizamlama prosesinin bütün detalları və incəlikləri ilə artıq yaxşı tanışdırlar və dəvət olunan tərəf yaxşı heç nəyə gətirib çıxarmayacaq", - səfir bildirib.
Onun sözlərinə görə, maraqlı tərəflərdən danışıqlara qoşulmağa dair heç bir təklif daxil olmayıb və Aİ çətin ki, bu formata mane olsun.
Digər tərəfdən, Labenda bildirib ki, Aİ Azərbaycanın işğal olunmuş ərazilərində nə baş verib və nə baş verdiyini Avropa vətəndaşlarının diqqətinə çatdırmaq üçün çox işlər görür.
" Artıq sentyabrda Aİ-dən yeni xüsusi nümayəndə təyin olunacaq və Dağlıq Qarabağ məsələsi onun mandatının əsas məsələlərindən biri olacaq. Və "Şərq tərəfdaşlığı" proqramı ölkələrin Aİ-yə daxil olmasını nəzərdə tutmasa da, biz proqrama daxil olan ölkələrdə bütün həyat sahələri standartlarını artırmaqla daha dinc şəraitə yardım edəcəyik, çünki güclü demokratik dayaqlara və güclü vətəndaş cəmiyyətinə malik ölkələr yəqin ki, bir-biriləri ilə daha asan razılığa gələ bilərlər", - səfir deyib.
Həm də Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb, daha çox onun həlli dondurulub və vəziyyəti çox təhlükəli edən gərginlik saxlanılır.
" Lakin prezidentlərin sonuncu sammitdən sonra söylədikləri kimi, hər şey bu problemin həlli istiqamətində gedir, ona görə də irəliləyişə ümid etmək olar. Aİ isə dinc həllə doğru hər bir addıma kömək etmək üçün mümkün olan hər şeyi edəcək", - Labenda deyib.