Azərbaycan, Bakı, 7 sentyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində aparılan tikinti-quraşdırma işləri ilə tanış olublar.
Heydər Əliyev Fondundan çərşənbə günü Trend-ə bildirilib ki, Fondun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksinin yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa, ölkəmizi turist mərkəzlərindən birinə çevirməyə xidmət edir.
Dövlət başçısı və xanımı muzeydəki eksponatlarla tanış olublar.
Elmi, tarixi, bədii əhəmiyyət daşıyan bütün tarixi və mədəniyyət abidələrinin qorunması, eləcə də Abşeron rayonunda aşkar edilən digər arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədilə Qala qəsəbəsində son illər genişmiqyaslı layihə həyata keçirilib.
Qalada tikinti-abadlıq layihəsi çərçivəsində X-XIV əsrlərə aid qüllə və XVI-XVIII əsrlərə aid istehkam yenidən bərpa edilib, arxeoloji qazıntı zamanı tapılan keramika nümunələri və digər əşyalar istehkamın daxilində sərgilənib.
Qala əntiq əşyalar muzeyindəki 800-ə yaxın eksponat böyük maraq doğurur. Burada nümayiş olunan ən qədim sini XVI əsrə aid edilir. Muzeydə mətbəx avadanlığı, samovarlar, masaüstü lampalar, silah və qədim pullar nümayiş olunur.
"Qoruq ərazisində milli üsluba üstünlük verilmiş yeni karvansara-restoranda turistlər Azərbaycan mətbəxinin ləziz yeməkləri ilə tanış ola bilərlər. Qala qəsəbəsində Turizm İnformasiya Mərkəzi inşa olunub, ətrafı abadlaşdırılıb. Ərazidəki quyu və ovdanlar bərpa olunub, 35 000 kvadratmetrlik sahədə avtomobil dayanacağı, elektromobil ücün qaraj tikilib. Gerçəkləşən layihə çərçivəsində qəsəbədaxili və ətraf yollara 50 000 kvadratmetr asfalt örtüyü, yol boyu məsafədə 6000 p/m bardür çəkilib, 37 işıqlandırma dirəyi quraşdırılıb, qaz və su təchizatını yaxşılaşdırmaq məqsədi ilə borular çəkilib, kompleks ətrafı meydana 8780 kvadratmetr daş döşənib", - məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, qəsəbədəki göl və onun 24,2 hektarlıq ətrafı təmizlənərək abadlaşdırılıb. Bu ərazidə torpaq 3 metr dərinliyində qazılaraq mazut və digər tullantılardan təmizlənib, yeni torpaq örtüyü ilə əvəzlənib. Buradakı 24 ədəd günəş batareyalı dirəklər ərazinin işıqlandırılmasına xidmət edir.
Gölün ətrafına 80 mindən çox ağac və bəzək bitkiləri əkilib, yaşıllıq zolağı suvarma sistemi ilə təmin olunub. Uşaqların maraqlı istirahəti üçün əyləncə məkanı istifadəyə verilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildə keçirilmiş Qala festivalına Bakının müxtəlif orta və internat məktəblərindən, uşaq evlərindən 2500 uşaq qatılıb. Festivalda toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini sərgiləyən sənətkarların əl işləri nümayiş etdirilib. Festival çərçivəsində uşaqlar üçün ustad dərsləri təşkil olunub, gənc nəsil qədim məişət və etnoqrafik ənənələrimizlə yaxından tanış olmaq imkanı qazanıblar.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən pilot ərazi kimi Qala qəsəbəsində "Təmiz Qala" layihəsinin icrasına başlanılıb. "Təmiz Qala" layihəsinin məqsədi Qala qəsəbəsi ərazisində əmələ gələn tullantıların kompleks idarə edilməsi - tullantılarının yığılması, daşınması və utilizasiyası proseslərini müasir standartlara uyğun təşkil etməkdir.