Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/
Azərbaycan nümayəndə heyəti Krınitsa-Zdruydakı XXI İqtisadi Forumun Cənubi Qafqazla bağlı iclasında Azərbaycan torpaqlarının Ermənistan ərazisi kimi göstərildiyi fotoşəkil və materialların moderatorun stoluna qoyulmasından dərhal sonra otağı tam heyətlə tərk etdikdən sonra iclasda iştirakını bərpa edib. Bu barədə Trend-ə cümə günü "Vestnik Kavkaza"-nın baş redaktoru və Trend-in Ekspert Şurasının üzvü və Forumda Rusiyanın maraqlarını təmsil edən Aleksey Vlasov bildirib.
Azərbaycan nümayəndə heyətinin üzvü İqbal Ağazadə bu davranışla bağlı öz hiddətini ifadə edib, lakin şərh verməkdən imtina edib.
İclasın moderatoru Avropa erməni ittifaqları forumunun prezidenti Aşot Qriqoryan olub.
Həmin materiallar götürüldükdən sonra təşkilatçılar nümayəndə heyətinin iclas zalına qayıtması üçün onları dilə tutublar. Ancaq iclasın gedişi çox gərgin vəziyyətdə davam edib. Moderatorun bütün çıxışını "erməni xaçkar"ına həsr etməyi iştirakçıların heyrətinə səbəb olub, çünki iclasın elan olunmuş mövzusu Cənubi Qafqazın geosiyasi məsələlərinin müzakirəsi idi.
Forumda beş plenar iclas və "dəyirmi masa" ətrafında 12 mövzu blokuna dair 100-dən çox məsələ müzakirə olunacaq.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.