...

Prezident İlham Əliyev: Azərbaycanda islahatların həyata keçirilməsi prosesi davam edir və başlıca məqsədimiz müasir dövlətin yaradılmasıdır (FOTO)

Siyasət Materials 23 Sentyabr 2011 17:14 (UTC +04:00)
Azərbaycanda islahatların həyata keçirilməsi prosesi davam edir və başlıca məqsədimiz müasir dövlətin yaradılmasıdır
Prezident İlham Əliyev: Azərbaycanda islahatların həyata keçirilməsi prosesi davam edir və başlıca məqsədimiz müasir dövlətin yaradılmasıdır (FOTO)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Azərbaycanda islahatların həyata keçirilməsi prosesi davam edir və başlıca məqsədimiz müasir dövlətin yaradılmasıdır, Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev sentyabrın 23-də Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq bayram tədbirin açılış mərasimində çıxışı zamanı deyib.

Qonaqları ölkəmizdə salamlayan dövlətimizin başçısı müstəqilliyimizin bərpa edildiyi 20 il ərzində baş verən hadisələrdən danışdı. Müstəqilliyimizin ilk illərində ölkədə acınacaqlı vəziyyətin hökm sürdüyünü diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın bütün bu çətinliklərin öhdəsindən gələ bildiyini, mürəkkəb vəziyyətdə - 1993-cü ildə xalqımızın müdrik seçim edərək, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdiyini dedi. Bildirdi ki, məhz ümummilli liderin yürütdüyü siyasət nəticəsində Azərbaycanda inkişafın təməli qoyuldu, islahatlar başladı, atəşkəsə nail olundu. 1994-cü ildə ölkəmizin inkişafı üçün mühüm amil olan neft sahəsində "Əsrin müqaviləsi" imzalandı. Dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığımız, onların təcrübəsindən yararlanma iqtisadiyyatımızı gücləndirdi. Bu gün Azərbaycan bir sıra mühüm iqtisadi layihələrin təşəbbüskarıdır.

Azərbaycanın ən böyük probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edən Prezident vurğuladı ki, bu problem təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir. Münaqişə haqqında qonaqlara ətraflı məlumat verən İlham Əliyev bunun nəticəsində Azərbaycanın Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldığını, ölkəmizdə 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bildirdi.

"Təəssüflər olsun ki, vəziyyət hələ də dəyişməyib" - deyən Prezident İlham Əliyev münaqişə ilə bağlı BMT-nin və digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələri xatırlatdı və onların bu günə qədər icra olunmadığını, qəbul edilən qərarların yalnız kağız üzərində qaldığını vurğuladı. Dövlətimizin başçısı tədbir iştirakçılarına müraciət edərək, bu məsələni geniş müzakirə etməyə çağırdı.

İlham Əliyev Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif xalqların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını və ölkəmizin bununla qürur hissi duyduğunu vurğuladı. Dövlət başçısı diqqətə çatdırdı ki, Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər.

Azərbaycandakı hazırkı vəziyyət barədə danışan Prezident dedi ki, ölkəmizin iqtisadiyyatı inkişaf etdirilməkdədir.

"Azərbaycan ümumi daxili məhsulun inkişafında ən yüksək göstəricilərə nail olmuşdur. İşsizlik problemi həllini tapmış, son yeddi il ərzində yoxsulluq 5 dəfə azalmışdır. Bu il pensiyalar 40 faiz artırılmışdır. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini təşkil edir. Liberal iqtisadi vəziyyət, siyasi islahatlar, sosial məsələlərin həlli cəmiyyətdə münbit şərait yaradıb" - deyən Prezident İlham Əliyev ölkəmizdə qanunun aliliyinin, söz azadlığının təmin edildiyini də diqqətə çatdırdı.

Avropa İttifaqı-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Avropa İttifaqı ilə yalnız enerji məsələlərində deyil, digər sahələrdə də əməkdaşlıq edir. Əlaqələrimiz getdikcə daha da güclənəcəkdir. Avropa İttifaqı-Azərbaycan əlaqələri qarşılıqlı hörmət və etimad üzərində qurulub.

Xəbər lenti

Xəbər lenti