...

Suriya müftisi ABŞ-ı terror aktı ilə hədələyib

Siyasət Materials 10 Oktyabr 2011 17:37 (UTC +04:00)
Əhməd Hassun ABŞ və Avropa ölkələrini Suriyanın daxili işlərinə silahlı müdaxilə ediləcəyi halda həmin ölkələrin ərazisində intiharçıların iştirakı ilə terror aktlarının törədiləcəyi ilə hədələyib.
Suriya müftisi ABŞ-ı terror aktı ilə hədələyib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Suriya müftisi Əhməd Hassun ABŞ və Avropa ölkələrini Suriyanın daxili işlərinə silahlı müdaxilə ediləcəyi halda həmin ölkələrin ərazisində intiharçıların iştirakı ilə terror aktlarının törədiləcəyi ilə hədələyib. Bu barədə Trend bazar ertəsi "əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir.

Müfti həm də bütün ərəbləri və müsəlmanları müsəlman torpaqlarının Qərbin ekspansiyasından müdafiəsinə qalxmağa çağırıb.

Suriyada təqribən yeddi aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,9 min nəfəri ötüb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqan kimi Milli Keçid Şurasını yaradıblar.

Oktyabrın 4-də Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməni bloklayıblar. Sənəd, Suriya hakimiyyəti tərəfindən ölkədə müxalifətə təziyiqin davam etdiriləcəyi halda, sanksiyaları nəzərdə tutur və kənardan xarici müdaxilənin yolverilməzliyi haqqında məzmuna malik deyil.

Xəbər lenti

Xəbər lenti