...

Milli Məclisin sədri TürkPA-nın Beynəlxalq əlaqələr komissiyasının üzvləri ilə görüşüb

Siyasət Materials 3 Noyabr 2011 19:57 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA-nın) Beynəlxalq əlaqələr komissiyasının üzvlərini qəbul edib.
Milli Məclisin sədri TürkPA-nın Beynəlxalq əlaqələr komissiyasının üzvləri ilə görüşüb

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir B.Hacıyev/

Milli Məclisin sədri Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA-nın) Beynəlxalq əlaqələr komissiyasının üzvlərini qəbul edib.

Parlamentin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, spiker komissiyanın Bakıda keçirilmiş birinci iclasının nəticələrini yüksək dəyərləndirib, TürkPA-nın yaranma tarixindən danışıb.

Görüşdə Əsədov qeyd edib ki, vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulub.

"Əgər o tarixi ədalətsizlik törədilməsə idi, bu gün türk dünyası coğrafi baxımdan da vahid bir məkan kimi yaşayacaqdı. Bütün bunlara baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyil, aramızdakı münasibətlər, ortaq keçmişimiz və bu günümüzdür. Bizim gücümüz birliyimizdədir", - o deyib.

Sədr Azərbaycanın bu yaxınlarda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən söz açaraq bunu təkcə Azərbaycanın deyil, bütün türk dünyasının diplomatik uğuru kimi qiymətləndirib. Qeyd edilib ki, ötən il ATƏT-ə Qazaxıstan sədrlik edirdi, qardaş Türkiyənin beynəlxalq nüfuzu günbəgün artır. Bütün bunlar türk dünyasının gücləndiyini bir daha sübut edir. Artıq heç kəs şübhə etmir ki, bu prosesin qarşısı alınmazdır.

Türkiyəli millət vəkili Mühərrəm İncə TürkPA-nın xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində rolunu yüksək dəyərləndirib.

Görüşdə çıxış edən TürkPA-nın Beynəlxalq əlaqələr komissiyasının üzvləri Azərbaycandakı inkişafdan məmnun qaldıqlarını söyləyiblər. Bildirilib ki, türk dövlətlərinin gün-gündən güclənməsi türk dünyasının beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir. Bu isə, öz növbəsində, qarşıya çıxan problemlərin həllində öz müsbət rolunu oynayacaq.

Söhbətdə TürkPA-nın Beynəlxalq əlaqələr komissiyasının Bakıda keçirilmiş birinci iclasında müzakirə olunmuş məsələlər və təşkilatın gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə təmsilçisi Ülkər Gözəl, Qazaxıstan nümayəndə heyətinin üzvü Valihan Konurbayev, TürkPA-nın Beynəlxalq əlaqələr komissiyasının sədri, millət vəkili Əhliman Əmiraslanov, deputat İlham Əliyev, TürkPA-nın Baş katibi Ramil Həsənov, Qırğız nümayəndə heyətinin üzvü Bolot Şer və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti