...

Fuad Ələsgərov: AŞ PA məruzəçisi Ştrasserin bəyanatı onun Azərbaycana münasibətdə qərəzsizliyinə ciddi şübhə doğurur

Siyasət Materials 4 Noyabr 2011 17:32 (UTC +04:00)
AŞ PA məruzəçisi Ştrasserin bəyanatı onun Azərbaycana münasibətdə qərəzsizliyinə ciddi şübhə doğurur.
Fuad Ələsgərov: AŞ PA məruzəçisi Ştrasserin bəyanatı onun Azərbaycana münasibətdə qərəzsizliyinə ciddi şübhə doğurur

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

AŞ PA məruzəçisi Ştrasserin bəyanatı onun Azərbaycana münasibətdə qərəzsizliyinə ciddi şübhə doğurur. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan KİV-ə müsahibəsində deyib.

"Hər şeydən əvvəl, məruzəçi Ştrasserə Azərbaycanda viza verilməkdən imtina olunması barədə məlumatın həqiqətəuyğun olmadığını aydınlaşdırmağı vacib hesab edirəm. Məruzəçi vizanın verilməsi barədə rəsmi təkzib almayıb. O, ölkəmizə noyabrın 4-də səfər etmək niyyətində olsa da, oktyabrın 28-də məruzəçinin Azərbaycan tərəfinin razılığını almadığına görə öz səfərini təxirə salması barədə məlumat yayılıb. Razılaşın ki, planlaşdırılan səfərə hələ müəyyən müddətin qalmasına baxmayaraq, cavabın olmaması və vizanın verilməsindən rəsmən imtina edilməsi heç də eyni şeylər deyil", - Ələsgərov bildirib.

Onun sözlərinə görə, elə həmin günlərdə, daha doğrusu, oktyabrın 28-29-da Ştrasserin müsahibəsi dərc olunub. Həmin müsahibə sadəcə təəccüb doğurmur, orada həm də məruzəçinin statusu ilə qətiyyən bir araya sığmayan və AŞ PA komitəsinin qərarı ilə tamamilə ziddiyyət təşkil edən ifadələrə yol verilib.

AŞ PA-nın Hüquq məsələləri və insan haqları komitəsi bu il oktyabrın 5-də bu məsələ ilə bağlı gələcək məruzənin adının dəyişdirilməsi haqqında qərar qəbul edib. "Əgər məruzə əvvəlcə "Siyasi məhbusların müəyyən edilməsi / Azərbaycanda siyasi məhbuslar məsələsinə baxılmanın davamı" idisə, indi o,"Siyasi məhbuslar məsələsinə yenidən baxılma" adlandırılacaq. Müvafiq olaraq, məruzə təkcə Azərbaycana deyil, ümumilikdə Avropa Şurasına üzv olan ölkələrə şamil olunacaq", - Ələsgərov izah edib.

"Azərbaycan dəfələrlə bəyan edib ki, Avropa Şurası öz fəaliyyətində ayrı-seçkiliyə və ikili standartların tətbiqinə yol verməməli, yəni öz prinsiplərinə ciddi tərəfdar olmalıdır. Siyasi məhbuslar məsələsi onların mövcud olduğu ehtimal olunan istənilən ölkə barəsində qaldırılmalı, ya da ümumiyyətlə qaldırılmamalıdır. Biz bir çox illər ərzində ardıcıl olaraq bu mövqeni dəstəkləmişik. Bununla əlaqədar, güman edirəm ki, AŞ PA-nın məruzənin adının dəyişdirilməsi ilə bağlı qərarı, onun başqa ölkələrə şamil edilməsi sağlam düşüncənin qələbəsi və problemə daha obyektiv yanaşmanın təzahürüdür", - Prezident Administrasiyasının şöbə müdiri bildirib.

Lakin, Ələsgərov qeyd edib ki, AŞ PA komitəsinin qərarına baxmayaraq, Ştrasser öz müsahibəsində bəyan edib ki, gələcək məruzə yalnız Azərbaycana aid olacaq. "Bundan başqa, o, əvvəlcədən, heç bir materiala baxmadan bəyan edib ki, məruzə ölkəmiz üçün müsbət olmayacaq. Məruzəçinin bu cür bəyanatı onun obyektivliyinə və Azərbaycana münasibətdə qərəzsiz olmasına ciddi şübhə doğurur", - Ələsgərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti