...

İran öz nüvə proqramından qətiyyən əl çəkməyəcək - Əhmədinejad

Siyasət Materials 9 Noyabr 2011 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə günü bəyan edib ki, onun ölkəsi öz nüvə proqramı üzərində işləri dayandırmaq fikrində deyil. Onun sözlərinə görə, bu, hətta Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın çoxdan nüvə silahı istehsal etməsini iddia edən hesabatının dərc olunmasından sonra da mümkün deyil. Trend-in məlumatına görə, bu barədə "Royter" agentliyi xəbər verir.

"Bilin ki, İran öz yolundan qətiyyən geri çəkilməyəcək", - Tehranın mərkəzi meydanında toplaşan minlərlə insan qarşısında çıxış edən Əhmədinejad bildirib. Onun çıxışı televiziya ilə birbaşa yayımlanıb. RİA "Novosti" yazır.

İran Prezidenti onu da bildirib ki, hesabatın çap edilməsi BAEA-nın nüfuzuna xələl gətirir. "Siz nə üçün ABŞ-ın əsassız bəyanatlarına görə öz nüfuzunuza xələl gətirirsiniz?" - Əhmədinejad deyib.

Bir az əvvəl İranın BAEA yanında nümayəndəsi Əli Əsgər Soltaniyə də məruzənin yalnız qurumun özünə ziyan vuracağını bəyan etmişdi.

Çərşənbə axşamı Qərb agentliklərinin sitat gətirdikləri İranın nüvə proqramının vəziyyətinə dair hesabatda BAEA bəyan edir ki, İran 2003-cü ilədək nüvə silahının yaradılması üzrə işlər görüb və bu cür fəaliyyət bu gün də həyata keçirilə bilər.

"Royter" agentliyinin məlumatına görə, BAEA İslam Respublikasının nüvə silahı hazırladığını, bu sahədə başqa tədqiqat və sınaq proqramlarını reallaşdırdığını təsdiqləyir.

Surəti BAEA-nın İdarəçilər Şurası, eləcə də BMT TŞ-nin üzvlərinə təqdim olunan məruzə özündə min səhifədən artıq həcmdə on ölkədən kəşfiyyat və digər məlumatları, eləcə də BAEA-nın öz məlumatlarını birləşdirir. Bu barədə "Assoşieyted Press" agentliyi məlumat verir. Agentlik bu ölkələrin adlarını açıqlamır.
Bu arada "Frans-Press" agentliyi yazır ki, İran nüvə silahı yaratmaq üzrə işlər apararkən "gizli nüvə şəbəkəsindən" yardım əldə edib.

İranın nüvə proqramı ərtafında vəziyyət İran Prezidenti Mahmud Əhmədinejadın 2010-cu il fevralın 11-də bəyanatla çıxış etməsindən sonra yenidən kəskinləşib. Bəyanatda Tehranın 20 faizədək zənginləşdirilmiş uranın ilk partiyasını əldə etməsi və daha yüksək dərəcədə zənginləşdirilmə ilə uran istehsalı üçün potensiala malik olması bildirilirdi.

Xəbər lenti

Xəbər lenti