Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin səfiri Təhsin Burcuoğlu sabah səhər Fransanı tərk edəcək. Bu barədə cümə axşamı Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Türkiyə Fransa parlamentinin qondarma "erməni soyqırımı" haqqında qanunu qəbul etməsinə cavab olaraq Parisdəki səfirini məsləhətlər aparmaq üçün geri çağırıb.
Fransa Parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si əleyhinə səs verib.
Yeni qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.
Bir müddət əvvəl Türkiyə Prezidenti Abdullah Gülün dediyinə görə, Türkiyə ümid edir ki, Fransa Ankara və Parisin çoxillik dostluğunu cüzi siyasi hesablar naminə qurban verməyəcək.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə-Fransa münasibətləri üçüncü tərəfin tələblərindən asılı olmamalıdır və əgər Fransa Senatı qanun layihəsini qəbul etsə, Türkiyə bütün diplomatik vasitələrlə cavab verəcək.
Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.