Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisinin dekabrın 30-da keçiriləcək son iclasının gündəliyi açıqlanıb.
Milli Məclisdən bazar ertəsi Trend-ə bildiriblər ki, iclasda 15 məsələyə baxılacaq.
Bunlar "Sosial xidmət haqqında" (üçüncü oxunuş), "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanun layihələri, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" qanunun ləğv edilməsidir.
İclasda "Dövlət rüsumu haqqında", "Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında" qanunlara, həmçinin, İnzibati Xətalar və Mülki məcəllələrdə dəyişikliklərin edilməsi müzakirə olunacaq.
Həmçinin, iclasda bir sıra sənədlərin ratifikasiya olunacağı gözlənilir. Bunlar "Azərbaycan hökuməti və Gürcüstan hökuməti arasında məxfi məlumatların qarşılıqlı mühafizəsi haqqında", "Azərbaycan hökuməti və Türkiyə hökuməti arasında sərmayələrin qarşılıqlı qorunması və təşviqi haqqında", "Azərbaycan hökuməti və Qazaxıstan hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan hökuməti və Qazaxıstan hökuməti arasında diplomatik nümayəndəliklərin binalarının tikintisi üçün torpaq sahələrinin qarşılıqlı olaraq ayrılması haqqında" sazişlərin, həmçinin Azərbaycan və Qazaxıstan prezidentlərinin Birgə Bəyannaməsinin təsdiq edilməsidir.
İlin son plenar iclasında Milli Məclisin üzvləri Azərbaycanın İsveçrədəki səfirliyinin təsis edilməsini təsdiq etməklə, yanaşı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edəcəklər.