...

Türkiyə hakimiyyəti Britaniyalı hersoginyanı əlil uşaqların şəxsi həyatına müdaxilə etməkdə ittiham edir

Siyasət Materials 13 Yanvar 2012 12:54 (UTC +04:00)
Britaniya şahzadəsi Endyunun keçmiş arvadı Sara Ferqyuson Türkiyə həbsxanasına düşə bilər.
Türkiyə hakimiyyəti Britaniyalı hersoginyanı əlil uşaqların şəxsi həyatına müdaxilə etməkdə ittiham edir

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Britaniya şahzadəsi Endyunun keçmiş arvadı Sara Ferqyuson Türkiyə həbsxanasına düşə bilər. Bu ölkənin hakimiyyəti yerli uşaq evlərindən birində video çəkiliş aparan York hersoginyasını yeniyetmələrin şəxsi həyatına müdaxilədə və qanunsuz çəkilişdə günahlandırır. Bu barədə Trend Utro.ru saytına istinadən məlumat verir.

Dünən Türkiyə məhkəməsi 52 yaşlı Ferqyuson barəsində qiyabi ittiham irəli sürüb. Bu ittiham üzrə cəzanın maksimum müddəti 22,5 il həbsdir. Məhkəmə dinləmələrinin başlayacağı tarix hələlik məlum deyil.

Qeyd edək ki, hersoginyanın Ankaranın yaxınlığında yerləşən ağır xəstə uşaqlar üçün dövlət yetimxanasına gəlməsi ətrafında qalmaqal 2008-ci ildə qızışıb. Amerika və Britaniya telekanalları ilə çoxdan əməkdaşlıq edən Sara Ferqyuson iki qızı Yevgeniya və Beatrislə birlikdə ITV telekanalı üçün gizli şəkildə reportaj hazırlayıb. Videoyazıda çarpayılara bağlanmış beş yeniyetməni və lazımi şəkildə qulluq olunmayan başqa uşaqları görmək olar.

Ertəsi gün reportaj efirə çıxdıqdan sonra Ankara hersoginyanı Türkiyənin Avropa İttifaqına daxil olmasına mane olmaq üçün bu ölkəyə qarşı siyasi motivli kampaniyada iştirak etməkdə günahlandırıb. Yerli "Anadolu" agentliyi isə məlumat verib ki, uşaq evində ağır formada əlil olan yeniyetmələr saxlanılır ki, "onların əksəriyyəti özlərinə və ətrafdakılara qarşı zorakılıq hərəkətlərinə meyillidirlər". Bəyanatda, həmçinin uşaqlara "lazımi qulluq" edildiyi də iddia edilir.

İndi başlıca məsələ Londonun York hersoginyasını Ankaraya verməyə razı olub-olmayacağındadır. "The Daily Telegraph"ın yazdığı kimi, bu günlərdə Türkiyə hakimiyyəti Britaniya hökumətinə şahzadənin keçmiş arvadına qarşı araşdırmaya kömək edilməsi xahişi ilə müraciət edib. Bu məlumatı Birləşmiş Krallığın XİN-ində təsdiqləsələr də, Ankara ilə əməkdaşlığın mümkünlüyünü şərh etməkdən imtina ediblər.

Bununla yanaşı, Britaniya XİN-dəki mənbə York hersoginyasının Türkiyəyə verilməsi ehtimalının çox az olduğunu bildirib. İki ölkə arasında müttəhimlərin ekstradisiyası haqqında saziş mövcud olsa da, şübhəli yalnız o zaman təhvil verilə bilər ki, o Türkiyə və Britaniyada ən çoxu bir il həbs cəzası ilə cəzalandırılan cinayətdə ittiham olunsun. Qeyd edək ki, Ferqyusonun əməli Birləşmiş Krallıqda cinayət hesab edilmir.

Şahzadə Enryu və Sara Ferqyuson 1986-cı ildə evləniblər. Toydan sonra ər-arvad II Yelizavetadan hersoq və hersoginya titulu alıblar. Cütlük 1996-cı ildə ayrılsa da, Ferqyuson titulunu saxlayıb. Belə ki, o, bu titulu yalnız ikinci dəfə ərə getdikdən sonra itirə bilər.

Xəbər lenti

Xəbər lenti