...

Deputat Novruz Aslanov hesabat yığıncağında iştirak edib (FOTO)

Siyasət Materials 20 Fevral 2012 10:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Fevralın 17-də deputat Novruz Aslanov İsmayıllı rayonunda olub.

Trend-in məlumatına görə, deputat İsmayıllı rayon İcra Hakimiyyətinin 2011-ci ilin yekunlarına dair hesabat yığıncağında iştirak edib.

Yığıncaqda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov məruzəsində bildirib ki, 2011-ci ildə rayonun infrastrukturunun yenilənməsində kifayət qədər işlər görülüb, bir çox kəndlər təbii qaz və su ilə təchiz edilib, elektrik enerjisinin davamlı verilməsi üçün müvafiq işlər görülüb, digər məsələlərin həlli istiqamətində müvafiq addımlar atılıb. Yerli hökumət strukturlarının nümayəndələri çıxış edərək rayonda müxtəlif sahələrdə həyata keçirilən tədbirlərdən danışıblar.

Milli Məclisin deputatı Novruz Aslanov öz çıxışında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın yerlərdə icrasının uğurla aparılmasından söhbət açıb və vətəndaşların rifah halının yaxşılaşdırılması üçün qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi barədə məlumat verib.

Hesabat dövrü ərzində rayon sakinləri tərəfindən ünvanına daxil olmuş ərizələrdə qaldırılmış məsələlərin 60%-dən çoxunun icra edildiyini yığıncaq iştirakçılarına bildirərək, bundan sonra da hər bir məsələyə diqqətlə yanaşaraq lazımi addımların atılacağını nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti