...

Aydın Mirzəzadə: ABŞ dövlət katibinin səfəri Azərbaycanın nüfuzuna verilən qiymətdir

Siyasət Materials 4 İyun 2012 15:04 (UTC +04:00)
ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri, ilk növbədə, Azərbaycanın siyasi, iqtisadi və diplomatik nüfuzuna verilən qiymətdir.
Aydın Mirzəzadə: ABŞ dövlət katibinin səfəri Azərbaycanın nüfuzuna verilən qiymətdir

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir M.Əliyev/

ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri, ilk növbədə, Azərbaycanın siyasi, iqtisadi və diplomatik nüfuzuna verilən qiymətdir. Bu səfərlə ABŞ Azərbaycanın dünyada olan nüfuzunu qiymətləndirir. Bunu Trend-ə bazar ertəsi Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bildirib.

"Azərbaycan bu gün ABŞ üçün çox vacib və diqqət cəlb edən tərəfdaşdır. Azərbaycan-ABŞ münasibətləri kifayət qədər dərin və çox şaxəlidir", - o deyib.

Mirzəzadə hesab edir ki, səfər çərçivəsində ABŞ-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi və perspektiv məsələlər ciddi şəkildə müzakirə ediləcək.

"Nəzərə almaq lazımdır ki, Azərbaycan artıq kredit alan ölkədən kredit verən ölkəyə çevrilir, dünya iqtisadiyyatına aktiv sürətdə daxil olur", - o qeyd edib.

YAP Siyasi Şurasının üzvü səfər çərçivəsində konkret məsələlərin müzakirəsinin də gözlənildyini deyib.

"Məsələn, Əfqanıstanda sülhyaratma missiyasında Azərbaycanın rolu, Yaxın Şərqdə gedən proseslərlə bağlı Azərbaycanın mövqeyinin öyrənilməsi müzakirə oluna bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında bir aylıq sədrliyi dövründə dünya üçün aktual məsələləri müzakirə mövzusuna çevirə bildi, eyni zamanda, özünü bir siyasi oyunçu kimi göstərə bildi", - o deyib.

Deputatın sözlərinə görə, şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi müzakirələrin əsas mövzusuna çevriləcək və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri, məsələyə prinsipial mövqeyi olan bir dövlət kimi bu məsələyə öz münasibətini bildirəcək.

"Son dövrlər münaqişənin həlli ilə bağlı müəyyən perspektivlər, pozitiv görüntülər var və mümkündür ki, ABŞ tərəfindən bu məsələdə yeni təkliflər ortaya qoyulsun, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə dair öz təkliflərinin müzakirəsinə Azərbaycanı cəlb edə bilsin", - o qeyd edib.

Millət vəkili Klintonun səfərinin siyasi əhəmiyyətinin çox böyük olduğunu vurğulayaraq, bu səfərin Azərbaycana ABŞ tərəfindən verilən qiymət olduğunu qeyd edib.

"O gün uzaqda deyil ki, artıq ABŞ Prezidentinin Azərbaycana səfəri mümkün olsun", - Mirzəzadə deyib.

Xəbər lenti

Xəbər lenti