...

Argentina xarici işlər nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 2 İyul 2012 15:39 (UTC +04:00)
Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman və daxili ticarət üzrə dövlət katibi Gilyermo Morenonun rəhbərliyi ilə Argentina ticarət missiyası iyulun 3-4-də Azərbaycanda səfərdə olacaqlar.
Argentina xarici işlər nazirinin Azərbaycana səfər proqramı açıqlanıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir M.Əliyev/

Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman və daxili ticarət üzrə dövlət katibi Gilyermo Morenonun rəhbərliyi ilə Argentina ticarət missiyası iyulun 3-4-də Azərbaycanda səfərdə olacaqlar.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, regional xarakter daşımayan və yalnız Azərbaycana nəzərdə tutulan bu səfərin məqsədi iki ölkə arasında bütün sektorlarda əlaqələrin genişləndirilməsinə, xüsusilə də iqtisadi-ticarət əməliyyatlarının və sərmayələrin təşviqinə təkan verməkdir.

Nazir Hektor Timerman və dövlət katibi Gilyermo Morenonun səfər proqramının rəsmi hissəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi, xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşləri nəzərdə tutulub.

Səfər çərçivəsində Şahin Mustafayevlə birgə Hektor Timerman və Gilyermo Moreno Bakıda Azərbaycan-Argentina biznes forumunun rəsmi açılış mərasimində iştirak edəcəklər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Argentina XİN və Ticarət Katibliyinin birgə təşkilatçılığı ilə iyulun 3-4-də keçiriləcək Azərbaycan-Argentina biznes forumu çərçivəsində iki ölkənin şirkətləri arasında ticarət, texnologiyaların ötürülməsi imkanlarının dəyərləndirilməsi, habelə birgə istehsal, sərmayə və xidmətlər üzrə müştərək müəssisələrin yaradılmasına dair mövzuların müzakirəsi məqsədilə ikitərəfli görüşlər olacaq.

Biznes forumda iştirak etmək üçün Argentina ticarət missiyasına kənd təsərrüfatı və ərzaq malları, kənd təsərrüfatı texnologiyaları, ərzaq məhsullarının istehsalı texnologiyaları, şərabçılıq malları və texnologiyaları, aqrokimya, farmaseptika, xəstəxana ləvazimatları, neft, sənaye cihazları, avtomobil, məişət texnikası, informasiya texnologiyaları, inşaat, mebel, təmizlik ləvazimatları, kosmetika, ayaqqabı və dəri məhsulları, tekstil, xidmətlər kimi sektorlardan olan şirkətlər daxildirlər.

Tərkibi 300 nəfərdən çox olan Argentina ticarət missiyasına xarici ticarət üzrə dövlət katibi Beatris Paqlyeri, La Rioxa əyalətinin qubernatoru Luis Beder Herrera, beynəlxalq iqtisadi əlaqələr və ticarət üzrə dövlət katibinin müavini Karlos Bianko, kənd təsərrüfatı üzrə dövlət katibinin müavini Marselo Yaski, heyvandarlıq üzrə dövlət katibinin müavini Alexandro Lotti, Argentina XİN-in, iqtisadi yönümlü nazirlik və dövlət təşkilatlarının, müxtəlif əyalətlərin nümayəndələri, habelə çoxsaylı iş adamları daxildir.

Xəbər lenti

Xəbər lenti