...

Azərbaycanın hakim partiyası idmançılarımızın London Olimpiadasındakı çıxışlarına qiymət verdi

Siyasət Materials 13 Avqust 2012 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend /

Azərbaycan idmançıları XXX Yay Olimpiya Oyunlarındakı uğurlu çıxışları və nailiyyətləri ilə ölkəmizin sürətli inkişaf edən dövlət olduğunu bütün dünyaya nümayiş etdirə bildilər. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində YAP-ın Sədr müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov deyib.

Bu böyük qələbə münasibətilə idmançıları təbrik edən Əhmədov qeyd edib ki, onlar həqiqətən, əzmkarlıqları ilə Azərbaycan vətəndaşlarının öz ölkələrilə qürur duymasında haqlı olduqlarını sübut etdilər.

"Əlbəttə ki, Londonda qazanılan uğurların kökündə Azərbaycanda idmana olan yüksək qayğı dayanır. Ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana bilavasitə qayğısı və dəstəyi, bu sahənin inkişafında əldə olunan nailiyyətlər və nəticələr sonda dünyanın ən mötəbər yarışında Azərbaycanın böyük uğurlar əldə etməsinə gətirib çıxardı", - YAP sədr müavini deyib.

O qeyd edib ki, bu, idman qələbəsi olmaqla yanaşı, həm də böyük ictimai əhəmiyyət daşıyan hadisədir.

Əhmədov vurğulayıb ki, idman bu gün dünyada ölkələri və xalqları təbliğ etməyin ən populyar vasitələrindən biridir. Məhz, sözügedən qələbələri əldə etməklə, Azərbaycan cəmiyyəti özünü bir daha bütün dünyaya təqdim etdi.

"Hesab edirəm ki, bu nailiyyətlər Azərbaycanın gənc bir dövlət kimi inkişafının və yüksəlişinin özünəməxsus göstəricisi sayıla bilər.

Həqiqətən, Azərbaycan son illər ərzində sürətlə inkişaf edib. Bu inkişaf Azərbaycanın iqtisadiyyatından tutmuş, ölkəmizin bütün sahələrində aydın şəkildə sezilməkdədir", - millət vəkili deyib.

Onun sözlərinə görə, reallaşdırılan modernləşmə siyasətinin nəticəsi olaraq, Azərbaycan dünyaya sürətlə inkişaf edən dövlət kimi təqdim edilir.

Qeyd edək ki, Azərbaycan idmançıları olimpiadada ikisi qızıl olmaqla, ümumilikdə 10 medal qazanıblar.

Xəbər lenti

Xəbər lenti