...

Qırğızıstanda nümayişçilər parlamenti ələ keçirməyə cəhd ediblər

Siyasət Materials 3 Oktyabr 2012 15:38 (UTC +04:00)
Deputat Kamçıbek Taşiyevin çağırışı ilə izdiham Qırğızıstan parlamentinə hücum etməyə başlayıb. Trend-in KirTAQ agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Qırğızıstanın daxili işlər naziri Zarılbek Rısaliyev parlament iclasında bəyan edib.
Qırğızıstanda nümayişçilər parlamenti ələ keçirməyə cəhd ediblər

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Deputat Kamçıbek Taşiyevin çağırışı ilə izdiham Qırğızıstan parlamentinə hücum etməyə başlayıb. Trend-in KirTAQ agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Qırğızıstanın daxili işlər naziri Zarılbek Rısaliyev parlament iclasında bəyan edib.

Nazirin sözlərinə görə, deputat Kamçıbek Taşiyev nümayişçilərin yanına gəldikdən sonra meydanda vəziyyət kəskin dəyişib.

"O, açıq şəkildə nümayişçiləri hakimiyyəti devirməyə çağırıb. Deputat bu zaman "Çingiz xan 200 döyüşçü ilə hakimiyyəti ələ keçirib" sözlərini işlədib", - Rısaliyev vurğulayıb.

Onun sözlərinə görə, məhz bu sözlərdən sonra nümayişçilər parlament binasını ələ keçirməyə cəhd ediblər.

Nazir iddia edir ki, "Ata-Jurt" fraksiyasının lideri Sadır Japarov dinc nümayişə təminat verib və iğtişaşlar baş verəcəyi təqdirdə bütün məsuliyyəti öz üzərinə götürməyə söz verib.

"Sadır Japarov iğtişaşlar baş verəcəyi təqdirdə bütün məsuliyyəti öz üzərinə götürməyə söz verib. Dünən mən şəxsən fraksiya lideri ilə danışmışam. Biz asayişi birgə qorumaq və narazı vətəndaşların saat 11:00-dan 12:00-dək dinc nümayiş keçirəcəyi barədə razılıq əldə etdik", - nazir qeyd edib.

Nazir məruzə edib ki, meydanda və parlament binasında asayişi təmin etmək məqsədilə təhlükəsizlik xidmətləri cəlb olunub. O vurğulayıb ki, milis əməkdaşlarında silah və dəyənək olmayıb.

"Onlarda insanları meydandan dağıtmaq üçün gözyaşardıcı qaz olub", - nazir bildirib.

Onun sözlərinə görə, hazırda 6 milis əməkdaşı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

"Son məlumata görə, nümayişçilər dağılışıblar, lakin biz bəzi fəalları saxlamışıq", - Rısaliyev qeyd edib.

Onun sözlərinə görə, hazırda saxlanılanlar ifadə verirlər.

Qeyd edək ki, oktyabrın 3-də Ala-Too meydanında Kumtorun milliləşdirilməsi ilə bağlı nümayiş keçirilib. Nümayişdə təqribən 400 nəfər iştirak edib. Nümayişçilər Ağ Ev ərazisinə daxil olmağa cəhd etməyə çalışıblar, lakin milis əməkdaşları onların qarşısını alıb, nəticədə 7 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti