...

Novruz Məmmədov: Beynəlxalq Humanitar Forumun əsas məqsədi xalqlar, ölkələr arasında əlaqələri daha da gücləndirməkdir

Siyasət Materials 3 Oktyabr 2012 16:14 (UTC +04:00)
Bakıda keçiriləcək II Beynəlxalq Humanitar Forumun əsas məqsədi xalqlar, millətlər, ölkələr arasında anlaşmanı, qarşılıqlı hörməti və əlaqələri daha da gücləndirmək, möhkəmləndirməkdir. Bunu çərşənbə günü Trend-ə açıqlamasında Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Novruz Məmmədov: Beynəlxalq Humanitar Forumun əsas məqsədi xalqlar, ölkələr arasında əlaqələri daha da gücləndirməkdir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir S.Ağayeva/

Bakıda keçiriləcək II Beynəlxalq Humanitar Forumun əsas məqsədi xalqlar, millətlər, ölkələr arasında anlaşmanı, qarşılıqlı hörməti və əlaqələri daha da gücləndirmək, möhkəmləndirməkdir. Bunu çərşənbə günü Trend-ə açıqlamasında Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Bu Beynəlxalq Humanitar Forum Azərbaycan Prezidentinin, eləcə də Rusiya Federasiyası Prezidentinin təşəbbüsü və himayəsi altında artıq ikinci ildir keçirilir. Bu forumun təşkilatçısı Azərbaycandır. Azərbaycan regionun bir lideri kimi, ümumiyyətlə, bu tədbirlərdən çox keçirir, lakin bu tədbir artıq özünün miqyasına və əhatə dairəsinə görə beynəlxalq aləmdə nüfuz qazanıb", - Məmmədov bildirib.

PA rəsmisinin sözlərinə görə, sabah başlayacaq forumda iştirak edəcək qonaqlar artıq bir neçə gündür Azərbaycandadırlar.

"Ölkəni gəziblər, bir çox mədəni, humanitar sahələrdə olan tədbirlərdə iştirak ediblər. Ümumiyyətlə, Azərbaycan son illərdə belə tədbirləri müxtəlif istiqamətlərdə və mövzularda çox tez-tez keçirir. Elə bu ilin əvvəlindən bir çox mötəbər, əhəmiyyətli tədbirlər keçirilib: Krans Montana Forumundan başlayaraq sabahkı foruma qədər. Azərbaycan regionun lideri olduğu üçün bu, tamamilə təbiidir və məntiqi qarşılanır", - Prezident Administrasiyasının şöbə müdiri deyib.

Məmmədov bildirib ki, bu forumlarda Azərbaycan ilə bağlı bütün reallıqlar təkcə regionda deyil, dünyanın bütün ölkələri arasında öz yerini tapır.

"Budəfəki Humanitar Forumda 70-dən çox ölkədən 600-dən artıq iştirakçı var. Burada 10-dan çox keçmiş prezident, 11 Nobel mükafatı laureatı iştirak edəcək. Elə yalnız bu rəqəmlərin özü hamı üçün aydın bir göstəricidir. Azərbaycan əslində dünyanın elə bir məkanında yerləşir ki, bir tərəfi şərq, bir tərəfi qərb, bir tərəfi şimal-cənub, bir tərəfi xristian, bir tərəfi islam aləmidir. Bu tərəfləri birləşdirən Azərbaycan, əslində bu gün müxtəlif qütbləri birləşdirən coğrafi, siyasi, mədəni, mənəvi və təhlükəsizlik körpüsüdür. Azərbaycan bu körpü missiyasını üzərinə götürərək çox böyük və müqəddəs bir vəzifəni həyata keçirir. Azərbaycan doğrudan da dediyim bu tərəflər arasında coğrafi, siyasi, iqtisadi, mədəni və mənəvi təhlükəsizliyin körpüsü rolunu oynayır", - Məmmədov deyib.

PA rəsmisi hesab edir ki, bu forumda 600-dən çox iştirakçı bir tərəfdən tədbirdə olan aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparacaq, faydalı mövqelər ortaya qoyacaq, digər tərəfdən ölkələrinə Azərbaycan haqqında, gözəl Bakımız haqqında fikirlərini çatdıracaqlar.

"Bu forum Azərbaycan üçün özünü dünya ölkələrinə tanıtmaq, ölkə haqqında reallıqları dünya ictimaiyyətinə çatdırmaq baxımından çox gözəl bir tədbirdir. Düşünürəm ki, bu forumun əhəmiyyəti Azərbaycan üçün çox mühümdür", - Məmmədov açıqlamasında bildirib.

Xəbər lenti

Xəbər lenti