...

Ramil Usubov Türkiyənin yeni səfiri ilə görüşüb

Siyasət Materials 18 Oktyabr 2012 17:06 (UTC +04:00)
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə axşamı Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul edib.
Ramil Usubov Türkiyənin yeni səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov cümə axşamı Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir səfiri yeni təyinat münasibətilə təbrik edib, dost, qardaş ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün gələcək fəaliyyətində uğurlar arzulayıb.

Usubov səfirə müstəqilliyin ilk illərində respublikamızın üzləşdiyi çətinliklər, keçilən çətin, eyni zamanda, şərəfli yol barədə məlumat verib.

Daxili işlər naziri ulu öndərimizin "bir millət, iki dövlət" adlandırdığı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin genişləndiyini, dövlət başçılarımızın əməkdaşlığın bütün sahələrdə ən yüksək səviyyədə inkişafına böyük önəm verdiklərini diqqətə çatdırıb, eyni zamanda, son illər hər iki ölkənin Daxili İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində əldə etdikləri diqqətəlayiq nəticələr barədə də məlumat verib.

Qeyd olunub ki, hər iki ölkənin DİN-ləri arasında əməkdaşlığa dair sazişin müddəalarına uyğun olaraq yaradılmış müştərək komissiya çərçivəsində daxili işlər orqanlarının əməkdaşları üçün iki ölkədə 55 təlim kursları keçirilib, bu təlimlərə 700-dən çox polis əməkdaşı cəlb edilib.

General-polkovnik Ramil Usubov ölkəmizdə ordu quruculuğunda, o cümlədən Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələri və Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayıb və buna görə minnətdarlığını bildirib.

Səmimi qəbula, təbrikə və ətraflı məlumata görə təşəkkür edən səfir Alper Coşkun görüşün əlamətdar bir hadisəyə - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə təsadüf etməsindən, qısa zaman kəsiyində respublikamızın sürətli bir inkişaf yolu keçməsindən məmnunluğunu bildirib, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti