...

Jammu və Kəşmirin işğalının ildönümü qeyd edilib (FOTO)

Siyasət Materials 24 Oktyabr 2012 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Jammu və Kəşmirin Hindistan qoşunları tərəfindən işğal edilməsinin ildönümü ilə bağlı Trend İnformasiya Agentliyinin konfrans zalında tədbir keçirilib.

Tədbirdə Pakistanın Azərbaycandakı səfiri İnayətullah Kakar, Azərbaycanın millət vəkilləri Musa Quliyev, Qənirə Paşayeva, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili Musa Quliyev Pakistanın Azərbaycanın ən yaxın dostlarından biri olduğunu qeyd edib. "Biz çox sevinirik ki, bizim əlaqələrimiz son 20 il ərzində yüksələn xətlə inkişaf edir. Azərbaycan xalqı, dövləti bu münasibətləri yüksək dəyərləndirir", - Quliyev deyib.

O bildirib ki, həm Kəşmir, həm də Dağlıq Qarabağ məsələsi xaricdən yaradılmış problemdir və ölkələrin inkişafına ciddi əngəllər törədir.

"Çox təəssüf ki, beynəlxalq ictimaiyyət buna göz yumur. Həm Pakistan, həm də Azərbaycan xalqı sülhsevərdir", - Quliyev deyib. Millət vəkili Kəşmir məsələsində Azərbaycanın hər zaman Pakistanın yanında olmasını diqqətə çatdıraraq, problemlərin öz həllini tapacağına ümid etdiyini bildirib.

Sonra tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva Pakistanın Azərbaycan üçün doğma, dost və qardaş ölkə olduğunu diqqətə çatdırıb. O bildirib ki, Pakistan hər zaman Azərbaycanın yanında olub və Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir.

"Pakistan parlamenti Xocalı soyqırımını tanıyan, pisləyən qətnamə qəbul edib. Biz həm Kəşmir, həm də Dağlıq Qarabağ məsələsində ədalət istəyirik. Əgər beynəlxalq təşkilatlar, xüsusilə də BMT tərəfindən bu münaqişə ilə bağlı qəbul edilən qətnamələr yerinə yetirilsəydi, bu münaqişələr belə ağır vəziyyətə düşməzdi", - Paşayeva deyib.

Daha sonra tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri İnayətullah Kakar Kəşmir probleminin tarixi haqqında ətraflı məlumat verib. O, Kəşmir məsələsində verdiyi ədalətli dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti