...

İlham Əliyev İmişlidə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 28 Oktyabr 2012 18:11 (UTC +04:00)
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
İlham Əliyev İmişlidə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı yeni mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ulu öndərin adını daşıyan mərkəzin tikintisinə bu ilin mayında başlanılmış və qısa müddətdə yekunlaşdırılmışdır. Mərkəzin ikimərtəbəli binası orijinal layihəsi və möhtəşəmliyi ilə diqqəti cəlb edir. Binanın ümumi sahəsi iki min kvadratmetrdir. Ətrafda əsaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir.

Mərkəzin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin abidəsi qoyulmuşdur. Burada ulu öndərin və Prezident İlham Əliyevin müxtəlif illərdə ölkəmizin regionlarına səfərlərini və bölgələrdə həyata keçirilən kompleks dövlət tədbirlərini əks etdirən fotoguşələr yaradılmışdır. Mərkəzdə internet kitabxana fəaliyyət göstərəcəkdir. Arzu edənlər burada kompyuter kurslarında hərtərəfli hazırlıq keçəcəklər. Buradakı virtual sinif otağı informasiya-kommunikasiya texnologiyalarının bölgələrdə də geniş tətbiqinin diqqət mərkəzində saxlanıldığını göstərir. İmişli rayonunda xarici dillərin öyrənilməsinə maraq böyük olduğundan mərkəzdə xarici dil kursları fəaliyyət göstərəcəkdir. Foto sənətinin sirlərinə yiyələnmək üçün buradakı fotostudiyada, eləcə də internet kafedə gənclərin asudə vaxtlarını maraqlı keçirmələri üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə vaxtaşırı müxtəlif sərgilər təşkil olunacaqdır.

Birinci mərtəbədəki 350 yerlik konfrans salonunda istənilən tədbirin keçirilməsi üçün hər cür şərait vardır. İkinci mərtəbədəki konfrans salonu isə 50 yerlikdir. Burada kitabxana ilə yanaşı, poliqrafiya emalatxanası da yaradılmışdır. Mərkəzdə fəaliyyət göstərəcək 3D kino salonuna da rayonda ehtiyac vardır və bu, çox böyük maraq doğuran yeniliklərdəndir. Burada, həmçinin rəsm-dizayn və xalq sənətkarlığı studiyaları, elektron kitabxana və qızlar dərnəyi də fəaliyyət göstərəcəkdir. Mərkəzdə 32 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.

Sonra Prezident İlham Əliyev Heydər Əliyev Parkında aparılmış yenidənqurma işləri ilə tanış oldu.

Diqqətə çatdırıldı ki, parkda yenidənqurma işlərinə dövlətimizin başçısının Sərəncamına əsasən, Prezidentin ehtiyat fondundan ayrılan 1,4 milyon manat vəsait hesabına başlanılmışdır. Ümumi sahəsi 6,5 hektar olan parkın orijinal memarlıq üslubu ilə seçilən iki giriş qapısı vardır. Burada quraşdırılan fəvvarələr kompleksi parkın gözəlliyini daha da artırır. Parkda geniş abadlıq və yaşıllaşdırma tədbirləri görülmüşdür. İşıqlandırma sistemi də müasirliyi ilə diqqəti çəkir. Ulu öndərin adını daşıyan bu istirahət ocağı Azərbaycanda aparılan yenidənqurma tədbirlərinin miqyasının və keyfiyyətinin əyani göstəricisidir.

Dövlətimizin başçısına Heydər Əliyev Parkında tikilməkdə olan Gənclər Mərkəzinin planı təqdim olundu. Məlumat verildi ki, 1,8 min kvadratmetr ərazidə inşa olunan üçmərtəbəli binanın inşasına bu ilin iyununda başlanılmışdır. Tikinti işləri 2013-cü ilin mayında başa çatdırılacaqdır. Burada rayon gənclərinin istirahəti və ilkin peşə vərdişlərinə yiyələnmələri üçün hər cür şərait yaradılacaqdır.

Prezident İlham Əliyev İmişli rayonunda yeni yaradılan Bayraq Meydanı ilə də tanış oldu. Əzəməti ilə seçilən Bayraq Meydanının ümumi sahəsi 8,3 min kvadratmetrdir. Bayraq dirəyinin hündürlüyü isə 100 metrdir.

Bildirildi ki, meydanın ətrafında böyük abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Vağzal meydanı da tamamilə yeni görkəm almışdır. İşıqlandırma sistemi müasir standartlara uyğun yenilənmişdir. Yenidənqurmadan sonra bu meydan da füsunkarlığı və səliqə-sahmanı ilə diqqəti cəlb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti