Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Silahlı Qüvvələrinin bütün ştat strukturu NATO standartlarına uyğunlaşdırılıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.
"NATO-nun qərargahlarında Silahlı Qüvvələrimizin zabitləri NATO zabitləri kimi xidmət edirlər. NATO qərargahlarında xidmət edən zabitlərimizin sayı artır", - o deyib.
Sabiroğlu qeyd edib ki, İngiltərənin Norfolk şəhərindəki Hərbi Dəniz Qüvvələrinin qərargahına Azərbaycan HDQ-nin zabiti göndəriləcək və hazırda buna hazırlıq işləri gedir.
O bildirib ki, Azərbaycanın 21 ölkədə hərbi attaşesi və nümayəndəsi var və 53 ölkə ilə hərbi əməkdaşlıq edir.
"Azərbaycanda hərbi ali məktəb o dərəcədə inkişaf edib ki, hazırda Qazaxıstan, Qırğızıstan və Tacikistandan təhsil alanlar var. Daha bir neçə ölkə də təhsil üçün müraciət edib", - Sabiroğlu deyib.
O, həmçinin bildirib ki, Ermənistanın elə obyekti Azərbaycanın hədəfindədir ki, bir neçə dəqiqə ərzində onu vura bilər. Bu da Ermənistanın bir dövlət kimi özünün taleyini sual altına qoyur", - o vurğulayıb.