...

İran Prezidenti Ofisinin rəhbəri: Heç kəs gələcək prezident seçkilərində iştirakıma mane ola bilməz

Siyasət Materials 15 Noyabr 2012 12:18 (UTC +04:00)
İran prezidentinin ofisinin rəhbəri İSfəndiyar Rəhim Məşayi 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini deyib və bildirib ki, heç kəs seçkilərdə iştirakıma mane ola bilməz.
İran Prezidenti Ofisinin rəhbəri: Heç kəs gələcək prezident seçkilərində iştirakıma mane ola bilməz

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir T.Cəfərov/

İran Prezidenti Ofisinin rəhbəri İsfəndiyar Rəhim Məşayi 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini deyib və bildirib ki, heç kəs seçkilərdə iştirakına mane ola bilməz. Trend-in məlumatına görə, bu barədə asriran.ir xəbər saytı məlumat verir.

Məlumata əsasən, Məşayi Tehranda yaşayan mazandaranlılarla görüşündə bildirib ki, ən yaxşı müdafiə hücumdur: "Gələn 6 ay ərzində dövlət yalnız hücum edəcək və heç kimsədən də çəkinmirik. 7 ildir davamlı olaraq çalışırıq və prezident seçkilərindən sonrakı dövlətin idarəetməsini belə rahatlıqla digərlərinin ixtiyarına buraxa bilmərik".

İsfəndiyar Rəhim Məşayi Əhmədinejadın qudasıdır. Məşayi Əhmədinejadla əməkdaşlığını başladığı gündən indiyədək bəzi qalmaqallı çıxışları və hərəkətlərinə görə İranın mühafizəkarları və dini alimləri tərəfindən tənqidləri ilə üzləşib. Məşayinin musiqini haram bilən şəxsləri tənqid etməsi, İran və İsrail xalqlarının dost ola biləcəyi haqqında çıxışı ən qalmaqallı çıxışlarıdır.

İran Prezidenti Mahmud Əhmədinejad 2009-cu ildə prezident seçkilərindən sonra Məşayini vitse-prezident təyin etdi, lakin ölkənin ali rəhbəri, ayətullah Əli Xamneyinin hökmü ilə o, vəzifədən uzaqlaşdırıldı. Bundan sonra Əhmədinejad Məşayini Prezident Administirasiyasının rəhbəri təyin etdi. Lakin daha sonra 2011-ci ildə Əhmədinejadın sərəncamı ilə Məşayi tutduğu vəzifədən uzaqlaşdırıldı və Prezident Ofisinin rəhbəri vəzifəsinə təyin olundu.

İranda prezident seçkiləri 2013-cü ilin iyun ayında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti