Azərbaycan, Bakı, 27 dekabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva cümə axşamı Bakının Müşfiqabad qəsəbəsi ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılışında iştirak edib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətimizin başçısına məlumat verdi ki, 22 hektar sahəni əhatə edən yeni məhəllədə beşmərtəbəli 20 bina və digər zəruri sosial infrastruktur obyektləri inşa edilib. Məhəlləyə 1440 ailə, o cümlədən Ağdam rayonundan 320, Cəbrayıl rayonundan 570, Füzuli rayonundan 290, Zəngilan rayonundan 100 və digər rayonlardan 160 ailə köçürüləcək. Mənzillərdən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Bundan əlavə, məhəllədə yeni məktəb binası, 140 yerlik uşaq bağçası, təcili yardım stansiyası, poçt şöbəsi, 140 yerlik klub, inzibati bina, yanğınsöndürmə deposu da tikilib.
Prezident İlham Əliyev əvvəlcə Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Nazilə Tağıyevanın evində yaradılan şəraitlə maraqlandı.
Sonra dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış oldu.
Prezident İlham Əliyev məktəbin foyesində məhəllənin maketinə, indiyədək görülmüş işləri əks etdirən stendlərə, idman zalında Qarabağ xalçalarından və əraziləri işğal olunmuş rayonların tarix-diyarşünaslıq muzeylərinin eksponatlarından təşkil edilmiş sərgiyə baxdı.
Məktəblə tanışlıqdan sonra Azərbaycan Prezidenti burada məcburi köçkünlərlə və inşaatçılarla görüşdü.
Ağdam rayon 33 nömrəli tam orta məktəbin direktoru Nəsibə Hüseynova məcburi köçkünlər adından dövlətimizin başçısına minnətdarlığını çatdırdı.
Sonda xatirə şəkli çəkdirildi.
Dövlətimizin başçısı qəsəbədə yaradılan şəraiti yüksək qiymətləndirdi.