...

Təhlükəli, riskli ölkələr: hansı meyarlar əsas götürülür?

Siyasət Materials 28 Dekabr 2012 18:41 (UTC +04:00)
Trend Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Newtimes.az saytına müsahibəsini təqdim edir
Təhlükəli, riskli ölkələr: hansı meyarlar əsas götürülür?

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Trend Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Newtimes.az saytına müsahibəsini təqdim edir

- Novruz müəllim, dekabrın 20-də "Reuters" agentliyi ABŞ Dövlət Departamentinə istinadla bir məlumat yayıb. Guya Azərbaycan Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli, riskli ölkədir. Sizcə, nəyə görə belə informasiyalar yayırlar?

- Gəlin bu məlumata bir qədər ətraflı təhlil apararaq yanaşaq. Onu "Reuters" yayıb. Özü də bu məlumat həmin agentliyin Azərbaycanla bağlı böhtan, yalan xarakterli yaydığı birinci məlumat deyil. Əlbəttə, Azərbaycanı tənqid etmək olar. Amma ona böhtan atmaq düzgün deyil. Xatirənizdədirsə, "Avroviziya" mahnı müsabiqəsi ərəfəsində ölkəmiz haqqında nə qədər yalan məlumatlar yayıldı. Yaxud İsrail-Azərbaycan əlaqələrini üçüncü dövlətə qarşı istiqamətləndirməyə cəhd etmək üçün nələr yazmadılar? Guya İsrailə Azərbaycan öz ərazisindən İrana hərbi zərbə endirmək üçün istifadə etməyə icazə verib. Bütün bunlar təsadüfi deyil. Bəzi dairələr Azərbaycana qarşı informasiya müharibəsi aparır. İndi isə ölkəni dünyanın ən riskli dövlətləri ilə bir sıraya qoymağa çalışırlar. Baxın, yazırlar ki, Azərbaycan Əfqanıstan, Yəmən və ya Somali kimi riskli ölkədir. Bu nə deməkdir? Hansı kriteriyalar üzrə qiymətləndirməyə əsasən bu nəticəyə gəlmək mümkündür? Azərbaycanda uzun illərdir ki, terror hadisəsi törədilməmişdir, ölkə daxilində əcnəbilərin sərbəst hərəkəti üçün hər hansı bir təhlükə yoxdur. Azərbaycan hüquq-mühafizə orqanları isə baş verə biləcək cinayət hadisələrinin qarşısını alırlar və ölkədə təhlükəli mühit mövcud deyil. Belə olmasaydı Azərbaycanda akkreditə olunan xarici ölkələrin səfirlərini hər gün müxtəlif rayonlarda, hətta ən ucqar bölgələrdə belə görə bilməzdik. Ədalət naminə müqayisə aparsınlar görək, siyahıya saldıqları ölkələrin hansında bu mümkündür. Belə yalan məlumatlar yaymaqla bütövlükdə dünya ictimaiyyətində yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Aydındır ki, Azərbaycan kimi sürətlə inkişaf edən, beynəlxalq layihələrin aktiv iştirakçısı olan, demokratik dövlət quran ölkəyə qarşı bu cür təxribatlar hansısa qüvvələrin maraqlarına xidmət edir. Düşündürücüdür ki, Azərbaycanla bağlı "Reuters"in yaydığı qərəzli informasiyanın digər tərəfi Dövlət Departamenti ilə bağlıdır - agentlik ona istinad edir.

- Novruz müəllim, belə təəssürat yaranır ki, Amerikada xarici siyasət koordinasiya edilmir? Çünki ən yüksək rəsmi səviyyədə ABŞ həmişə özünü Azərbaycanın dostu kimi təqdim edir.

- Yuxarıda dediyim kimi, burada üzərində düşünülməli məqamlar vardır. Hər halda belə təəssürat var ki, ABŞ-da kim nə istəyir onu da deyir. Amma bir şeyi unudurlar: axı kimsə bu məsələlərlə maraqlansa, təhlil aparsa əsl mənzərə üzə çıxar. Məsələn, indiyə qədər Avropada, Amerikada olan terror hadisələrini, insanların qətlə yetirilməsini necə izah etmək olar? Bunlar həmin ölkələri riskli etmirmi? ABŞ-da bir neçə gün əvvəl gənc bir oğlan məktəbə silahla daxil oldu, 20 kiçik yaşlı şagirdi və 6 müəllimi qətlə yetirdi. Bundan sonra 62 yaşlı kişi həbsxanadan müvəqqəti icazə alır və evini yandırır. Üstəlik, bacısını alovlar içində qoyur. Yardıma gələn yanğınsöndürənlərdən ikisini isə güllələyir. Bunlara nə ad vermək olar? Norveçdə Breyvik adlı birisinin 77 günahsız insanı qətlə yetirməsi unudulubmu? Fransada bu yaz baş verənlər artıq yaddaşlardan silinibmi? Avropanın müxtəlif ölkələrində baş alıb gedən islamofobiya risk yaratmırmı? Bu kimi suallara Qərbdə, deyəsən, cavab axtarmaq istəmirlər.

Onu deyim ki, uzun illərdir ki, ABŞ və Avropada oxşar hadisələr baş verir. Nəzərə alaq ki, konkret terror təşkilatlarına bağlı olmayan, lakin müəyyən mənəvi, iqtisadi, psixoloji səbəblərdən terror hadisələri törədən bu şəxsləri də həmin cəmiyyətlər yetişdirib. Nədənsə bu hallarda ABŞ və ya Avropa ölkələrindən hansınısa riskli ölkə sırasına qatmırlar. Ümumiyyətlə, bu haqda danışmırlar. Əvəzində, müəyyən dairələrin maraqlarına uyğun olaraq ərazisində sabit asayiş təmin olunan, xarici turistlərin təhlükəsizliyi ilə bağlı hər hansı problem yaşanmayan Azərbaycanın adı bu siyahıya salınır.

- Novruz müəllim, bəs burada məqsəd nədir? Bunlar Azərbaycanın Qərblə əməkdaşlığının əvəzində verilən qiymətdirmi?

- Bu suallar həmin dairələrə ünvanlansa, yaxşıdır. Maraqlıdır ki, növbəti təxribatçı informasiyalar Avropa olimpiya oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərardan sonra daha da şiddətləndi. Bununla əlaqədar bəlkə də qeyri-adi görünən bir müqayisə aparmaq istərdim. Məsələ ondan ibarətdir ki, Azərbaycan terrora qarşı mübarizədə Qərblə bir yerdə fəaliyyət göstərmək haqqında qərar verəndə yaxşı qarşılanır. Razılıqlarını bildirir və anti-terror koalisiyasında iştirakı dünyada təhlükəsizlik mühitinin sabitliyinə töhfə kimi qiymətləndirirlər. Əslində, Bakıda Avropa olimpiya oyunlarının keçirilməsi haqqında qərar verilməsi də Qərb mediasında düzgün şərh edilməlidir. Bunun əvəzində Azərbaycana qarşı hiddət dolu məlumatlar yayır, olmayan məqamları süni surətdə qabardırlar. Özünüz müqayisə edin: Azərbaycan beynəlxalq terrora qarşı mübarizədə fəal iştirakının əvəzində Qərbin belə "töhfələri"ni alır. Bu, nə vaxta qədər davam edə bilər? Bu cür ədalətsiz yanaşma dünyada ədalət anlayışının özünə təhlükə deyilmi?

- Belə çıxır ki, beynəlxalq aləmdə bəzi dairələr Azərbaycana ədalətsiz münasibət göstərməkdə davam edirlər?

- Mən Sizə bir daha real faktları xatırlatmaq istərdim. Siyasətçi gərək konkret və həqiqi faktlardan çıxış etsin. Bu cür dezinformasiya xarici şirkətlərin Azərbaycana gəlməsi, sərmayə yatırması, turistlərin Azərbaycana axınına maneə yaratmağa yönəlmişdir. Ancaq unudurlar ki, artıq 20 ilə yaxın bir müddətdir ki, dünyanın bütün böyük şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər və indiyə qədər onların fəaliyyətinə qarşı heç bir təhlükəli hadisə baş verməmişdir. Azərbaycan son illər böyük tədbirlərə ev sahibliyi etmişdir və heç bir fors-major halla qarşılaşmamışdır. Baş verə biləcək istənilən təxribat hallarının isə qarşısı vaxtında alınmışdır. Əgər bu riskli bölgə anlayışı baş verə biləcək hadisələrə görə tərtib olunursa onda gərək dünyanın aparıcı ölkələri, bu yay olimpiya oyunları keçirilən London, beynəlxalq təşkilatların mərkəzləri yerləşən Qərb ölkələrinin paytaxtları ilk növbədə bu siyahıya salınsınlar. Hansı ölkədə bu risk yoxdur? Əsas meyar isə konkret faktlar üzərində qiymətləndirilməlidir.

Maraqlıdır ki, Azərbaycana qarşı yanaşmada biz belə dezinformasiyanın ölkəmizin beynəlxalq müstəvidə uğurları artdıqca daha çox şahid oluruq. "Avroviziya", BMT Təhlükəsizlik Şurasına üzvlük, indi də Avropa olimpiya oyunlarının Bakıda keçirilməsi haqqında informasiya yayılandan sonra yenə eyni münasibətlə qarşılaşırıq.

Azərbaycan dəfələrlə sübut etdi ki, o, ən böyük tədbirləri belə keçirə bilir. Siyasi əməkdaşlığa, enerji təhlükəsizliyinə, iqtisadi inteqrasiyaya, dinlərarası dialoqa, idmana həsr edilmiş bu tədbirlər Cənubi Qafqazda yalnız Azərbaycanda uğurla təşkil edilib. Bu işləri regionda yerləşən xristian ölkələrdən biri həyata keçirsəydi, Qərb mediasının reaksiyası necə olardı? Bəlkə də həmin dövləti qlobal arenada nümunə göstərərdilər. Ancaq Azərbaycanın bu cür fəallığına, müasir tələblər səviyyəsində tədbirlər keçirməsinə süni oyunlarla cavab verirlər. Amma bu, münasibət düzgün deyil. O heç bir ölçüyə, çərçivəyə sığmır.

Bunlara baxmayaraq, Azərbaycan düz yoldadır, çünki haqlıdır, ədalətlidir. Dünyada sülhə, əməkdaşlığa və dialoqa xidmət edən addımlar atır. Müstəqilliyin ilk illərindən seçdiyi uğurlu inkişaf yolunu davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti