Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/
İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") komandirlərindən biri Nasir Şabani bəyan edib ki, yaxın gələcəkdə İran şəhərlərində qarışıqlıq baş verə bilər. Bu barədə Trend İranın "Qanun" qəzetinə istinadən məlumat verir.
"İğtişaşlar İranın kiçik şəhərlərində, Tehrandan uzaqda baş verə bilər. Yaşayış üçün vəsait axtarışı və fəhlə sinfinin zəifliyi qarışıqlıqlar üçün amil ola bilər. Lakin bizdə bununla mübarizənin müəyyən təcrübəsi var", - komandir deyib.
Şabani əlavə edib ki, "Sepah" hazırda iqtisadi məsələlərlə, sanksiyaların tətbiqi ilə bağlı yaranmış problemlərlə və digər amillərlə əlaqədar iğtişaşların baş vermə ehtimalını təhlil edir.
"Bəzi insanların prezident seçkiləri ərəfəsində bu amillərdən siyasi alət kimi istifadə etmələri tamamilə mümkündür", - o deyib.
Seçkilərə gəldikdə, Şabani bildirib ki, "Sepah" qarşıdakı tədbir zamanı sabitliyin təmin olunması üçün zəruri tədbirlər görür.
İmam Hüseyn Universitetində təhlükəsizlik üzrə dərs deyən Şabani Əhmədinejadın İslam İnqilabı yolundan çıxdığını da bildirib.
"Onun bu yolla getmək imkanı var idi, lakin bunun əvəzinə İslam İnqilabını təhlükə altında qoydu", - komandir bildirib.