...

Bakı polisinin 2012-ci ildəki fəaliyyətinə qiymət verilib

Siyasət Materials 18 Yanvar 2013 18:35 (UTC +04:00)
2012-də Bakı şəhərində 9.719 cinayət qeydiyyata alınıb, onlardan 79,1%-nin açılması təmin edilib. Bu cinayətlərin 85,8%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 14,2%-i isə ağır və xüsusilə ağır növ cinayətlər olub.
Bakı polisinin 2012-ci ildəki fəaliyyətinə qiymət verilib

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İzzət/

2012-də Bakı şəhərində 9.719 cinayət qeydiyyata alınıb, onlardan 79,1%-nin açılması təmin edilib. Bu cinayətlərin 85,8%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 14,2%-i isə ağır və xüsusilə ağır növ cinayətlər olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov 2012-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

Qeyd olunub ki, paytaxt polisi qanunla müəyyən edilmiş vəzifələrin, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində məqsədyönlü tədbirləri davam etdirib, kriminogen durum nəzarətdə saxlanılıb.

Cinayətlərin sayı 14,1% (1.597 fakt), şəxsiyyət əleyhinə olanlar 22,1%, mülkiyyət əleyhinə olanlar 16,1% azalıb və bu müsbət təmayül, əsasən, şəxsi əmlak və mənzillərdən edilən oğurluqların azalması hesabına baş verib.

Hesabat dövründə ümumən cinayətlərin açılması 5,3%, onların ağır və xüsusilə ağır növlərinin açılması 7,9% yaxşılaşıb, şəxsiyyət əleyhinə törədilmiş 2.468 cinayətdən 96,4%-nin, o cümlədən 69 qəsdən adamöldürmənin 94,9%-nin və 34 adam öldürməyə cəhdin hamısı açılıb.

Bu müddətdə 65 soyğunçuluq və quldurluq törətmiş 122 nəfərdən ibarət 49 qrup, eləcə də 117 mənzil oğurluğu törətmiş 74 nəfərdən ibarət 31 qrup zərərsizləşdirilib, habelə keçmiş illərdən bağlı qalmış 252 cinayət açılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və narkomaniyanın yayılmasının qarşısının alınması üzrə fəaliyyət çərçivəsində 2012-ci ildə 917 nəfər məsuliyyətə cəlb olunub, onlardan 204 kiloqram narkotik vasitə götürülüb, 30 nəfərdən ibarət 14 qrup ifşa edilib.

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun vurgulayıb ki, əvvəlki illərdə olduğu kimi 2012-ci ildə də Bakı şəhərinin polis orqanları cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib, yol verilmiş qanun pozuntularının sayı, o cümlədən insan hüquq və azadlıqlarının pozulması halları əvvəlki illə müqayisədə xeyli azalıb.

Daxili işlər naziri müşavirə iştirakçılarının diqqətini qarşıda duran həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib. Eyni zamanda qeyd edib ki, bu gün daxili işlər orqanlarının öz xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün Azərbaycan Prezidenti tərəfindən bütün lazımi şərait yaradılıb, əməkdaşlar və hərbi qulluqçular dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Bu ali etimada cavab olaraq hər bir əməkdaş üzərinə düşən vəzifələri nümunəvi yerinə yetirməli, Vətəninə, dövlətinə, xalqına ləyaqətlə xidmət etməlidir.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov sonda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, dövlət başçısının sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyduğu bütün tapşırıqları və vəzifələri əzmlə yerinə yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti