...

Litvada Bakı və Vilnüs yanvar faciələrinə həsr olunmuş anma mərasimi keçirilib (FOTO)

Siyasət Materials 20 Yanvar 2013 05:15 (UTC +04:00)
Litva Parlamentinin (Seymin) Konstitusiya zalında Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə Bakı və Vilnüs yanvar faciələrinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Litvada Bakı və Vilnüs yanvar faciələrinə həsr olunmuş anma mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Litva Parlamentinin (Seymin) Konstitusiya zalında Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə Bakı və Vilnüs yanvar faciələrinə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Trend-in Azərbaycanın Litvadakı səfirliyinə istinadən verdiyi məlumata görə, seymin foyesində 1990-cı il 20 yanvar hadisələri mövzusunda müxtəlif nəşrlər, tarixi materiallar, fotogörüntülər və Litva arxivindən götürülmüş bir sıra siyasi sənədlərdən ibarət sərgi təşkil olunmuşdur. Ayrıca foto sərgi nümayiş etdirilmişdir.

Tədbirdə Litva Respublikası Seyminin sədr müavini, millət vəkilləri, hökumət üzvləri, Avropa Parlamentinin deputatı, Litvanın ilk dövlət başçısı Vitautas Landsbergis, sabiq nazirlər və ictimai-siyasi xadimlər, tanınmış tarixçilər, politoloqlar, dini konfesiyaların təmsilçiləri, qeyri hökumət təşkilatları və milli icmaların liderləri, soydaşlarımız, Litvada təhsil alan tələbələrimiz Litva azərbaycanlı gənclər təşkilatı AYOL-un üzvləri iştirak etmişlər.

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.

Səfir Həsən Məmmədzadə öz çıxışında Azərbaycan xalqının kədərinə şərik olan iştirakçılara təşəkkür edərək, 20 yanvar faciəsi barədə geniş məlumat vermişdir. O, Azərbaycan xalqının hər zaman şəhidlərinin xatirəsini əziz tutduğunu qeyd etmiş, vətənimizin müstəqilliyi üçün öz həyatlarını qurban verən xalqımızın qəhrəman övladlarından bəhs etmişdir. Səfir bildirmişdir ki, 20 yanvar faciəsinə yalnız, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra, Mixail Qorbaçovun göstərişi ilə sovet imperiyasının Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi əməllərə siyasi və hüquqi qiymət verildiyini xatırlatmışdır. Həsən Məmmədzadə Bakı və Vilnüs yanvar faciələrinin gələcək nəsillər üçün örnək təşkil etdiyini, Azərbaycan və Litva xalqlarının dövlət müstəqilliklərini öz qəhrəman övladlarının qanı bahasına nail olduğunu vurğulamışdır.

Bundan sonra 20 yanvar faciəsinə həsr olunmuş video görüntülər nümayiş etdirilmişdir.

Sonra Avropa parlamentinin deputatı, Litvanın ilk dövlət başçısı Vitautas Landsbergis çıxış etmişdir. O öz çıxışında Bakı faciəsinin yalnız bir hadisə olmadığını, aqressorların düşünülmüş hərəkəti olduğunu qeyd etmişdir. Bakı (20 yanvar 1990) və Vülnüs (13 yanvar 1991) faciələri kütləvi qırğın və dinc əhaliyə görünməmiş divan tutulması ilə, həmçinin qəhrəman övladların müstəqillik və azadlıq uğrunda mübarizəsi kimi tarixə keçmişdir. Bu mübarizə Azərbaycan və Litva xalqlarını birləşdirmişdir. Avropa Parlamentinin üzvü Azərbaycanın müstəqillik yolunun heç də asan olmadığını qeyd edərək, indiki dövrdə Azərbaycan Respublikasının geosiyasi kontekstdə güclü və mühüm dövlət olduğunu, öz birləşdirici missiyası ilə xristian və islam dünyasında tolerant örnək təşkil etdiyini bildirmişdir. V.Landsbergis Azərbaycanın Avropaya inteqrasiyasını dəstəklədiyini xüsusilə vurğulamışdır. Litvalı siyasətçi həmçinin Bakı və Vilnüsdə yanvar faciələri ilə bağlı ortaq albomun nəşrinin aktuallığını təklif etmişdir.

Sonra Vilnüs 13 yanvar 1991-ci il hadisələrinə həsr olunmuş video film göstərilmişdir.

Litva Seymində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Yuras Pojela, bu qrupun sədr müavini Mantas Adomenas, Litva azərbaycanlıları cəmiyyətinin sədri Mahir Həmzəyev, Litva-Azərbaycan assosiyasiyasının sədri İmantas Melianas və digər natiqlər Bakı və Vilnüs yanvar faciələri barədə çıxışlar etmişlər.

Tədbir iştirakçıları adından Vilnüsün Antakalnio qəbirstanlığındakı azadlıq uğrunda canından keçmiş qəhrəmanların abidəsi önünə çələng qoyulmuşdur.

Tədbir Litva KİV-də geniş işqılandırılmışdrı. Anma mərasimi Litva Seyminin televiziyası ilə canlı yayınlanmış, Delfi internet portalında yazı və məqalə dərc olunmuş, Səfir Həsən Məmmədzadənin Litva televiziyası LRT-də və ölkənin nüfuzlu və ən çox oxunan nəşrindən olan "Lietuvos zinios" qəzetində müshibəsi dərc olunmuşdur.

Xəbər lenti

Xəbər lenti