Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın millət vəkili Elxan Süleymanov hesab edir ki, AŞPA Monitorinq Komitəsinin 20 mart tarixli iclasında baş verənlərlə bağlı Andres Herkelin verdiyi məlumat həqiqətdən uzaqdır.
Trend-in məlumatına görə, AŞPA Monitorinq Komitəsinin 20 mart 2013-cü il tarixli iclasında Ermənistanda keçirilmiş president seçkilərinə dair müzakirələr zamanı baş vermiş insidentlə bağlı yayılmış məlumatlarda bildirilirdi ki, insident Azərbaycanın nümayəndə heyətinin Monitorinq Komitəsindəki üzvü Elxan Süleymanovun çıxışında Ermənistanda keçirilmiş prezident seçkilərinin demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından qiymətləndirilməsinə etiraz etməsi zamanı baş verib.
Çıxış zamanı sədr Andres Herkel onun çıxışını bir neçə dəfə kəsib və azərbaycanlı deputat etiraz əlaməti olaraq iclas zalını tərk edib.
Andres Herkel bildirib ki, o, Süleymanovun çıxışını nitqinin məzmununa görə deyil, reqlamentə riayət etmək zərurəti ilə əlaqədar kəsib. Herkel əlavə edib ki, "Görüşün və tərcüməçilərin işinin sonuna 12 dəqiqə qalırdı. Siyahıda birinci olan Süleymanov da daxil olmaqla, dörd natiq qalmışdı".
"O, 4 dəqiqə çıxış etdi və mən ondan 2 dəqiqəyə nitqini yekunlaşdırmağı xahiş etdim, çünki Latviya, Ermənistan və Avstriyadan daha 3 natiq qalırdı. O, çıxışını yekunlaşdıra bilmədi və mən sədr olaraq onu dayandırmaq məcburiyyətində qaldım. O, 5 saatlıq görüş ərzində qısa çıxış etməyi xahiş etdiyim ilk həmkarımız deyildi", - Herkel bildirib.
Elxan Süleymanov isə Andres Herkelin insidentin nitqin mahiyyəti deyil, reqlamentlə bağlı olması iddiasının həqiqətdən uzaq olduğunu diqqətə çatdırıb.
Süleymanov qeyd edib ki, onun nitqi Herkel tərəfindən birinci dəfə "ağırlaşdırıcı məqam həm də ondan ibarətdir ki, Azərbaycanın Xocalı şəhərində 26 fevral 1992-cı ildə mülki əhaliyə qarşı soyqırım cinayətləri törətmiş erməni silahlı birləşmələrinin komandiri Serj Sarkisyan prezident seçilib" cümləsindən sonra yarımçıq dayandırılıb.
Bu zaman azərbaycanlı deputat Herkelə müraciət edərək qeyd edib ki, "cənab sədr, siz mənim ölkəm üzrə həmməruzəçi olmusunuz, demokratiya və insan hüquqlarının müdafiəsində sizin də göstərdiyiniz səylər nəticəsində Azərbaycanda xeyli işlər görülüb, xahiş edirəm mənə söz azadlığımdan istifadə edərək çıxışımı davam etdirməyə imkan yaradın".
Süleymanov bildirib ki, bundan sonra cənab Herkel ona çıxışını davam etdirməyə şərait yaradıb. O, çıxışını davam etdirməyə başlayaraq, Tomas de Vaalın kitabında Sarkisyanın Xocalıda törədilmiş qanlı faciənin müəllifələrindən biri və iştirakçısı olması barədə etirafını komitə üzvlərinin diqqətinə çatdırarkən, Herkelin qəzəblə yenidən onun nitqini yarımçıq kəsdiyini bildirib və məhz bundan sonra etiraz əlaməti olaraq iclası tərk etdiyini vurğulayıb.
"Herkelin mənim 4 dəqiqə çıxış etdiyim və onun 2 dəqiqəyə çıxışımı yekunlaşdırmaq barədə xahiş etməsi də həqiqətdən tam uzaqdır. Belə ki, cənab Herkel ilk dəfə çıxışımı dayandıranda mən cəmi 1 dəqiqə 40 saniyə idi ki, çıxış etməyə başlamışdım, ikinci dəfə çıxışım dayandırılanda isə cəmi 2 dəqiqə vaxt keçmişdi", - Süleymanov bildirib.
Süleymanov çıxışının xronometrajının müəyyən edilməsinin çox incə və məsələyə aydınlıq gətirmək üçün vacib məqam olduğunu bildirib. O qeyd edib ki, onun Monitorinq Komitəsinin iclasındakı çıxışının mətni KİV-də bir neçə gün əvvəl yayımlanıb. Odur ki, hər bir oxucu özü üçün onun çıxışının yarımçıq dayandırıldığı vaxtın xronometrajını asanlıqla müəyyən edə bilər.
Azərbaycanlı deputat həmçinin vurğulayıb ki, 17 mart tarixdə çıxışının mətnini elektron poçtla Herkelə və komitənin katibliyinə də göndərib. Odur ki, komitə üzvləri də həmin mətni əldə ediblər.
Süleymanov, beləliklə, cənab Herkelin qeyd edilən çıxışın dayandırıldığı vaxtın xronometrajını və məsələ ilə bağlı mətbuata ötürdüyü məlumatın nə dərəcədə obyektiv olduğunu asanlıqla müəyyən etmək imkanı olduğunu bildirib.
Millət vəkili komitənin iclasında müzakirə olunan məsələlərə ayrılmış vaxt məsələsinin də narahatçılıq doğurduğunu bildirib. O, qeyd edib ki, iclasda Ermənistanda keçirilmiş prezident seçkilərinə hər çıxışçıya cəmi 4 dəqiqə olmaqla çox az vaxt ayrıldığı halda, Türkiyə və Rumıniya ilə bağlı məsələlər ətrafında çıxışçılara uzun-uzadı vaxt verilirdi, onların arasında hətta 40 dəqiqəyədək çıxış edənlər də var idi.
"Çox maraqlı məqamdır ki, Herkel həmin iclasda "Azərbaycanda son vəziyyət" barədə müzakirədə mənə 15 dəqiqə danışmağa məhdudiyyət qoymadı. Buna görə mən ona minnətdarlığımı bildirirəm. Bəs o, Ermənistanla bağlı çıxışımda nə üçün reqlamenti bəhanə gətirir? Biz demokratiya, azadlıq və vəhdət evində səmimi olmalı, ictimaiyyətə yanlış məlumat ötürməməliyik", - Süleymanov deyib.
Süleymanov sonda komitənin iclasında baş verənlərin təsadüfi olmadığını və Ermənistanın təcavüzkar və cinayətkar dövlət olmasını, yenidən bu ölkənin prezidenti seçilmiş Serj Sərkisyanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməsini, nəhayət, seçkilərin demokratiyaya və hüququn aliliyi prinsiplərinə zidd olmasını ört-basdır etmək məqsədi daşıdığını bildirib.