...

SAM direktoru ABŞ-da Azərbaycan-İran münasibətlərindəki mövcud vəziyyətə aydınlıq gətirib (FOTO)

Siyasət Materials 30 Aprel 2013 10:41 (UTC +04:00)
Azərbaycanla İran arasında ticarət dövriyyəsi azalıb.
SAM direktoru ABŞ-da Azərbaycan-İran münasibətlərindəki mövcud vəziyyətə aydınlıq gətirib (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanla İran arasında ticarət dövriyyəsi azalıb.

Bunu Azərbaycan Respublikasının Prezidenti yaında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov ABŞ-ın nüfuzlu beyin mərkəzi olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) "İran-Azərbaycan münasibətləri və Qafqazda strateji rəqabət" mövzusunda keçirilən konfransda bildirib.

SAM-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, SAM-ın direktoru konfransda qeyd edib ki, ötən əsrin 90-ci illərində Azərbaycanın ticarət tərəfdaşları arasında İran ilk yerlərdən birini tuturdu. Lakin son onillikdə İran tədricən bu mövqeyi itirməyə başlayb. Belə ki, 2007-ci ildə hər iki ölkə arasında ticarət dövriyyəsi 540 milyon ABŞ dolları təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 305 milyon dollar səviyyəsinə enib. 2011-ci ilin sonunda Azərbaycanın ümumi ticarət dövriyyəsi 36 milyard dollara çatdırıldığı halda, İranın burada payı cəmi 0,8 faizə bərabər olub. Həmin il İran İslam Respublikası Azərbaycanın ticarət tərəfdaşları arasında 19-cu pillədə olsa da, 2012-ci ildə 23-cü yerlə kifayətlənib. İran tərəfinin statistik məlumatlarına əsasən, hazırda Azərbaycan Respublikası da bu ölkənin ticarət tərəfdaşları sırasında birinci onluğa daxil deyil.

Məmmədovun fikrincə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Tehranın tutduğu mövqe İran-Azərbaycan münasibətlərinin aparıcı mövzularından biridir.

"Digər ölkələrlə - İran və Gürcüstanla qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi Ermənistan üçün həyati əhəmiyyətə malik məsələyə çevrilmişdir. Bunu Tehranda da aydın anlayırlar və Ermənistanla münasibətlərin yüksək səviyyədə genişləndirilməsində maraqlı olduqlarını nümayiş etdirirlər",- SAM direktoru bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsinə dair rəsmi bəyanatlarla çıxış etməsinə baxmayaraq, İran da ATƏT-in Misk qrupunun həmsədr dövlətləri kimi təcavüzkarın cəzalandırılması istiqamətində əməli fəaliyyət göstərmir.

"Əksinə, son illərdə İran və Ermənistan arasında ticarət dövriyyəsi kəskin şəkildə artıb. Belə ki, 2011-ci ildə bu dövriyyənin həcmi 335 milyon dollara bərabər olub, hazırda isə 500 milyon dollar təşkil edir. Hər iki dövlətin rəsmiləri həmin göstəriciləri bir milyard dollara çatdırmaq niyyətində olduqlarını bəyan ediblər. İran prezidenti Mahmud Əhmədinejatın sözlərinə istinadən, Ermənistanın xarici ticarət dövriyyəsinin 20 faizi İranın payına düşür. Ermənistan mənbələrinin məlumatına görə, bu ölkədə İranın 500 şirkəti qeydiyyata alınıb. Azərbaycanda isə cəmi 200 belə şirkət var", - Məmmədov qeyd edib.

SAM-ın direktorunun firkincə, Ermənistanla əlaqələrin genişləndirilməsində İranın maraqlı olması bir neçə səbəblə izah edilir: İranın Qara dəniz hövzəsinə çıxmaq səylərinin Ermənistan tərəfindən dəstəklənməsi; Fransa, ABŞ və digər ölkələrdəki erməni diasporunun informasiya və şəbəkə resurslarından İranın öz maraqları üçün istifadə etmək imkanlarının əldə olunması. Təsadüfi deyil ki, hər dəfə İrana hərbi zərbələr vurulması məsələsi gündəmə gələndə, erməni diasporları öz ölkələrinin hökumətlərinə bu dövlətin Ermənistan üçün iki xilasedici kəmərdən biri olduğunu xatırladırlar. Bu baxımdan, İranın xarici işlər naziri Salehinin Ermənistan prezidenti Serj Sarqsyanın ötən ay keçirilmiş andiçmə mərasimində iştirakı bu ölkələr arasında əməkdaşlığın təzahürü kimi dəyərləndirilməlidir.

Məmmədov hesab edir ki, rəsmi Tehranın Azərbaycana qarşı tutduğu mövqeyə yaranmış vəziyyət, yəni son 20 ildə İran ətrafında cərəyan edən hadisələr konteksində yanaşılmalıdır. İraqın ABŞ tərəfindən işğalından sonra İran qonşu ölkələr - Livan, Suriya, Pakistan, İraq, Bəhreyn və təbii ki, Cənubi Qafqazın iki dövləti ilə sərhədləri boyu fəallığını kəskin şəkildə artırıb. Neftin satış qiymətlərinin yüksəldilməsi həmin dövlətlərdə təbliğat fəaliyyətinin maliyyələşdirilməsinə müsbət təsir göstərib. Məsələn, regionda İrana yaxın olan informasiya mənbələri Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması səylərini və ABŞ-nin bu prosesə yardımını geniş şəkildə işıqlandırırdılar. Halbuki, məhz həmin dövrdə ABŞ-nin nüfuzu Azərbaycanda kəskin şəkildə aşağı düşüb.

SAM-ın direktoru çıxışı zamanı İranın bəzi rəsmi dairələrinin guya İrana hərbi zərbələrin endirilməsi zamanı Azərbaycan ərazisindən istifadə olunmasına dair təxribat xarakterli şayiələrə uyaraq, ölkəmizi təhdid mənbəyi kimi dəyərləndirdiklərini, lakin bunun heç bir əsasının olmadığını da əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin 15 nəfərdən ibarət olan nümayəndə heyəti ABŞ-da rəsmi səfərdədir. Mayın 8-dək davam edəcək səfər zamanı ABŞ-ın 7 şəhərində nüfuzlu beyin mərkəzləri və universitetlərində 20 konfrans, görüş və mühazirə nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti