...

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Əbədiyaşarlıq fəlsəfəsi" kitabının təqdimatı keçirilib (FOTO)

Siyasət Materials 2 May 2013 17:48 (UTC +04:00)
Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyevanın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Əbədiyaşarlıq fəlsəfəsi" kitabının cümə axşamı təqdimatı keçirilib.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Əbədiyaşarlıq fəlsəfəsi" kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir M.Əliyev/

Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyevanın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Əbədiyaşarlıq fəlsəfəsi" kitabının cümə axşamı təqdimatı keçirilib.

Trend-in məlumatına görə, təqdimatda millət vəkili Gülçöhrə Məmmədova bildirib ki, kitabı oxuyarkən ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərini yada salırıq.

O qeyd edib ki, Heydər Əliyevin getdiyi yola nəzər saldıqda dünənimizi, bu günümüzü görürük, sabahımıza inamla baxırıq.

"Heydər Əliyev tək Azərbaycan tarixinə deyil, adını dünya tarixinə yazdırmış şəxsiyyətdir. Xalqımızın sonsuz məhəbbəti onu ümummilli lider zirvəsinə ucaldıb", - Məmmədova deyib.

Kitabın müəllifi Nurlana Əliyeva barədə danışan millət vəkili onun Heydər Əliyev siyasətinə sadiq insan olduğunu vurğulayıb.

YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov təqdimatda bildirib ki, Heydər Əliyev haqqında kitab yazmaq böyük məsuliyyət tələb edir. O, eyni zamanda, Nurlana Əliyevanın Heydər Əliyev irsinə böyük ehtiram bəslədiyinin bu kitabda nümayiş olunduğunu vurğulayıb.

Əhmədov deyib ki, nə qədər Azərbaycan dövlətçiliyi varsa, Heydər Əliyev yaşayacaq, onun müəyyənləşdirdiyi siyasi xətt Azərbaycan dövlətçiliyi və xalqına xidmət edəcək.

"Kitabın adında da qeyd olunan əbədiyaşarlıq Heydər Əliyevin həm özünə, həm də siyasi xəttinə şamil edilə bilər", - Əhmədov deyib. YAP sədr müavini vurğulayıb ki, "Əbədiyaşarlıq fəlsəfəsi" kitabı ümummilli lider barədə yazılan kitablar sırasında xüsusi yer tutacaq.

Milli Məclisin vitse-spikeri, kitabın rəyçisi Bahar Muradova çıxış edərək bildirib ki, "Əbədiyaşarlıq fəlsəfəsi" kitabı uzun illərin zəhmətinin bəhrəsidir. Muradova bildirib ki, kitabda toplanmış müxtəlif illəri əhatə edən məqalələr də Azərbaycanın mənafeyini, müstəqilliyini özündə ehtiva edir. "Nurlana Əliyevanın publisist qələmi siyasi düşüncələri ilə vəhdət təşkil edərək gözəl bir əsərin ortaya çıxmasına səbəb olub", - vitse-spiker deyib. Muradova qeyd edib ki, kitabda Azərbaycan gəncliyinə müraciət ünvanlanır, ölkədə radikal təzahürləri olan müxalifətə qarşı radikal mövqe nümayiş olunur.

Sonra çıxış edən digər deputatlar kitab barədə fikirlərini söyləyib, ümummilli lider Heydər Əliyevin həyat xəttinə nəzər salıblar.

Sonda kitabın müəllifi olan Nurlana Əliyeva çıxış edərək bildirib ki, "Əbədiyaşarlıq fəlsəfəsi" böyük şəxsiyyət Heydər Əliyevin siyasi irsinə, fikir və əqidə dünyasına, onun müasir dövlətçilik prinsiplərinin tətbiqi və müstəqilliyin möhkəmlənməsi sahəsindəki titanik fəaliyyətinə həsr edilib. O vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı və dönməzliyi Heydər Əliyevin ən böyük tarixi xidmətlərindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti