Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Əl-Küveytdə ulu öndərə həsr olunmuş sərgi-tədbir keçirilib.
Azərbaycanın Əl-Küveytdəki səfirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə Küveyt dövlətinin təhsil naziri cənab Nayif Fələh Əl-Hacraf, həmyerlilərimizin "Vətənsevər" cəmiyyətinin üzvləri, diplomatik korpusun nümayəndələri, o cümlədən Küveyt Dövlətinin bir sıra rəsmi şəxsləri və hakim ailənin üzvləri iştirak ediblər. Tədbirdə ümummilli lider Heydər Əliyevin zəngin həyatı və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən fotoşəkillərdən, video-çarxlardan və müxtəlif dillərdə (Azərbaycan, ərəb, ingilis, rus) nəşr edilmiş kitablardan ibarət sərgi təşkil edilib.
Tədbir iştirakçılarına ulu öndərin həm SSRİ dövründə, həm də müstəqillik illərində apardığı böyük quruculuq işləri və uzaqgörən siyasəti nəticəsində ölkəmizin sürətli iqtisadi inkişafa nail olması barədə ətraflı məlumat verilib. Tədbirdə həmçinin ümummilli liderin əsasını qoyduğu dövlətçilik siyasətinin onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusilə vurğulanıb.