...

Azərbaycan və Əfqanıstan arasında təhlükəsizlik və hərbi müdafiə sahəsində əlaqələr müzakirə olunub

Siyasət Materials 10 İyun 2013 15:22 (UTC +04:00)
Milli Məclisdə Azərbaycan və Əfqanıstan arasında təhlükəsizlik və hərbi müdafiə sahəsində qarşılıqlı əlaqələr müzakirə olunub.
Azərbaycan və Əfqanıstan arasında təhlükəsizlik  və  hərbi müdafiə sahəsində əlaqələr müzakirə olunub

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclisdə Azərbaycan və Əfqanıstan arasında təhlükəsizlik və hərbi müdafiə sahəsində qarşılıqlı əlaqələr müzakirə olunub.

Milli Məclis mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, parlamentinin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Ziyafət Əsgərov Azərbaycanla Əfqanıstan arasında sıx əlaqələrin mövcud olduğunu və son dövrlərdə bu əlaqələrin daha da intensivləşdiyini qeyd edib. O bildirib ki, bu cür görüşlər xalqlarımız arasında münasibətlərin inkişafı üçün bir stimuldur və əlaqələrimizin dinamikliyini daha da artırır. Birinci vitse-spiker onu da qeyd edib ki, Əfqanıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir.

Daha sonra Ziyafət Əsgərov təhlükəsizlik və hərbi müdafiə sahəsində qarşılıqlı əlaqələrdən söhbət açıb, Azərbaycan sülhməramlılarının hazırda da Əfqanıstanda xidmətdə olduğunu diqqətə çatdırıb.

Görüşdə hər iki ölkə parlamentlərində mövcud olan dostluq qruplarının uğurlu fəaliyyətindən söhbət açılıb, ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb.

Əmirzai Sangi görüşdə Azərbaycanın Əfqanıstana dost və qardaş olduğunu, milli-mənəvi dəyərlər, mədəniyyət baxımından xalqlarımız arasında bir çox oxşarlıqların mövcud olduğunu bildirib. Nazir son illərdə Azərbaycanda sürətli inkişaf müşahidə etdiyini qeyd edib. Əfqan nazir Cənubi Qafqazın iqtisadi cəhətdən ən qüdrətli dövləti olan ölkəmizin Əfqanıstana dəfələrlə qardaş yardımı göstərdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın iştirakçısı olduğu qlobal layihələrdən, hər iki ölkənin müdafiə sisteminin gücləndirilməsindən söhbət açılıb və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti