...

Müsavatın Milli Şurada iştirakı sual altındadır

Siyasət Materials 11 İyun 2013 17:16 (UTC +04:00)
Milli Şura birmənalı olaraq Moskvanın dəyərlərini önə çəkəcəksə, açıq şəkildə Moskvanın oyunu oynanılacaqsa, Müsavat Partiyası o oyuna getməyəcək. Bunu Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy Trend-ə deyib.
Müsavatın Milli Şurada iştirakı sual altındadır

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.Mehdiyev/

Milli Şura birmənalı olaraq Moskvanın dəyərlərini önə çəkəcəksə, açıq şəkildə Moskvanın oyunu oynanılacaqsa, Müsavat Partiyası o oyuna getməyəcək. Bunu Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy Trend-ə deyib.

Əlisoy qeyd edib ki, Müsavat Partiyası birmənalı şəkildə Qərb dəyərlərinə önəm verir, çünki gələcəyə Qərb ilə addımlamaq Azərbaycan xalqı üçün böyük perspektivlər vəd edir: "Yəni biz uzun illər Moskvanın işğalında olduq, yaşadıq və nələrin baş verdiyini gördük".

Başqan müşaviri vurğulayıb ki, Milli Şura olmur, hansı birlik olursa-olsun, Müsavat Partiyası öz fikrini deyəcək: "Milli Şuranın fəaliyyəti ehtimal olunan formada davam edərsə, yəni təkrar Moskvanın arzusuna getmək prosesi baş verərsə, təbii ki, Müsavat Partiyası, o şurada, o oyunda olmayacaq".

Əlisoy bildirib ki, Milli Şura və Milli Şuraya daxil olan hər hansı bir partiya özünün mövqeyini ortaya qoya bilər: "Bütün bunlara baxmayaraq, Müsavat Partiyası üçün Avroatlantik məkana inteqrasiya proritet məsələdir. Partiyanın özünün yolu, xətti budur. Müsavat Partiyası hər zaman bu yolda olacaq və bu, kimlərinsə istəyindən asılı deyil. Müsavat Partiyasının götürdüyü kurs Azərbaycanın Avroatlantik məkana inteqrasiyasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti