...

"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunun tətbiqi barədə Əsasnamə" təsdiq edildi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 İyun 2013 17:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunun tətbiqi barədə Əsasnamə" təsdiq edildi (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:52-də yayılıb)

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərman 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

Əsasnamədə deyilir ki, heç bir dövlət orqanı və ya vəzifəli şəxs vətəndaşı ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edə bilməz. Vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (bundan sonra ­- İAMAS) məhdudiyyət siyahılarına əsasən həyata keçirilir. Vətəndaşın ölkədən getmək hüququnu məhdudlaşdıran əsaslar aradan qalxdıqdan sonra vətəndaş bu hüququnu həyata keçirə bilər.

Hər hansı bir ölkədə təbii fəlakət, epidemiya, epizootiya, böyük ekoloji və başqa qəza, zorakılıqla müşayiət olunan kütləvi iğtişaş, insanların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün təhdid törədən münaqişə yaranarsa, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi kütləvi informasiya vasitələri ilə Azərbaycan Respublikasının əhalisini dərhal xəbərdar etməklə, vətəndaşlara həmin ölkəyə getməkdən müvəqqəti çəkinməyi tövsiyə edir.

18 yaşı tamam olmamış vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə, digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. 18 yaşı tamam olmamış vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürənin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Ölkədən gedən vətəndaşın və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun (valideyninin, ərinin (arvadının), övladının, qardaşının, bacısının, onların övladlarının, babasının, nənəsinin, nəvəsinin, babanın (nənənin) atasının və ya anasının, əmisinin, dayısının, xalasının, bibisinin, onların övladlarının, qayınatasının, qayınanasının, qaynının, baldızının) ağır xəstəliyi və ya ölümü ilə bağlı hallar ərizə-anketlərə növbədənkənar baxılma üçün əsasdır. Həmin faktlar aşağıdakı sənədlərdən biri ilə təsdiq edilməlidir:

- təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;
- təcili olaraq müalicəyə qəbul edilmənin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);
- qohumun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Ümumvətəndaş pasportuna elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar, pasport sahibinin üz təsviri və 15 yaşı tamam olmuş vətəndaşın hər əlindən bir barmaq izi daxil edilir.

Ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasportun dəyişdirilməsi vətəndaşın fotoşəkli pasportu verən orqanda çəkilməklə, lakin qan qrupu haqqında tibbi arayış tələb edilmədən bu Əsasnamənin 3.1-3.7-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Dəyişdirilən pasportdakı vizanın etibarlılıq müddəti həmin pasportun etibarlılıq müddətindən çox olduğu hallar istisna olmaqla, əvvəlki pasport təhvil verilir. Elektron daşıyıcısı olmayan ümumvətəndaş pasportları dəyişdirilərkən vətəndaşın əl-barmaq izləri götürülür.

Vətəndaş pasportunu itirdikdə onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, pasportu verən orqana yazılı məlumat verməlidir. Pasportunu itirdiyini bildirən vətəndaş həmin pasportu taparsa və ya itirilmiş pasport yeni pasport verildikdən sonra tapılarsa, tapılmış pasport dərhal pasportu verən orqana təhvil verilməlidir.

Vətəndaş pasportunu itirdiyi barədə pasportu verən orqana rəsmi müraciət etdikdə və onun şəxsiyyəti müəyyənləşdirildikdə, bu barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür. İtirilmiş pasport barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə daxil edildikdən sonra həmin sənəd qüvvədən düşmüş hesab edilir, İAMAS-da aktiv statusu dəyişdirilir. Pasportun itirilməsinə görə inzibati cərimə və pasportun verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra qan qrupu haqqında tibbi arayış tələb edilmədən, bu Əsasnamə ilə müəyyən edilmiş qaydada vətəndaşa yeni pasport verilir.

Pasport oğurlandıqda, vətəndaş cinayətin baş verdiyi yerin polis orqanına bu barədə yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında vətəndaşa arayış verilir və bu arayış oğurlanmış pasportun qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və bunun əsasında vətəndaşa yeni pasportun verilməsi üçün əsas götürülür.

Vətəndaş ümumvətəndaş pasportu ilə xarici ölkəyə gedərkən ondan viza tələb olunarsa, o, belə vizanı almaq üçün həmin ölkənin müvafiq diplomatik nümayəndəliyinə və ya konsulluğuna müraciət etməlidir. Xarici ölkədən Azərbaycan Respublikasına qayıtmaq üçün vətəndaşdan viza tələb olunmur.

Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəyə qayıtmaq hüququ, onun ölkəyə qayıtmaq hüququ verən digər sərhədkeçmə sənədi olmadıqda, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

Xidməti və ya diplomatik pasportla xaricə gedən şəxs üçün xarici ölkənin vizası Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin notası əsasında həmin ölkənin səfirliyindən və ya konsulluğundan alınır.

Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

Viza əsasında gələn əcnəbilər vizada göstərilən ölkədə qalma müddəti, viza tələb olunmayan qaydada gələnlər isə 90 gün bitənədək, onların ölkədə müvəqqəti olma müddəti uzadılmayıbsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməyibsə və ya onlardan belə icazənin verilməsi üçün ərizə qəbul edilməyibsə, Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Viza əsasında və ya viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn və ölkə ərazisində müvəqqəti olma müddəti uzadılan əcnəbilər pasportlarını (digər sərhədkeçmə sənədlərini) və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək, dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə ölkəni tərk edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti