...

Elmar Məmmədyarov: Azərbaycan dini zəmində nifrətin aradan qaldırılması üçün səylərini bundan sonra da davam etdirəcək

Siyasət Materials 28 Sentyabr 2013 17:56 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv dövlətlərinin xarici işlər nazirlərinin illik əlaqələndirmə iclasında iştirak edib.
Elmar Məmmədyarov: Azərbaycan dini zəmində nifrətin aradan qaldırılması üçün səylərini bundan sonra da davam etdirəcək

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv dövlətlərinin xarici işlər nazirlərinin illik əlaqələndirmə iclasında iştirak edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən E.Məmmədyarov Azərbaycanın İƏT-in nizamnaməsinə sadiq qalaraq təşkilatın 10 illik fəaliyyət planını dəstəklədiyini qeyd edib və bu məqsədlə keçən il təşkilatın büdcəsinə Azərbaycanın üç milyon ABŞ dolları dəyərində könüllü töhfə verdiyini və bu il Xarici İşlər Nazirlərinin Müqəddəs Qüds şəhərinə dəstək məqsədilə Qüds şəhərinin inkişaf etdirilməsi üçün Strateji Sektor Planının maliyyələşdirilməsi ilə bağlı Donor və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfranslarına ev sahibliyi etdiyini xatırladıb.

2013-cü ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın BMT ilə İƏT arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə yüksək səviyyəli görüşün keçirilməsi niyyətində olduğunu deyən nazir Suriyada baş verən hadisələrə münasibətdə də Azərbaycanın narahatlığını ifadə edib.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan E.Məmmədyarov Ermənistanın hərbi gücdən istifadə edərək Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxladığını və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü öz yurd-yuvalarına geri dönməkdən məhrum etdiyini bildirib.

Azərbaycanın işğal olunmuş ərazilərində tarixi, mədəni və dini abidələrin məhvə məruz qaldığını deyən nazir əlavə edib ki, Ermənistan tərəfindən müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törədən şəxslər, Azərbaycan xalqına qarşı soyqırım əməllərinə görə məsuliyyət daşıyanlar qəhrəmanlaşdırılır və cəmiyyətdə yüksəldilirlər.

E.Məmmədyarov Azərbaycanın münaqişənin BMT TŞ və İƏT qətnamələri əsasında beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olduğunu vurğulayaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdikləri davamlı dəstəyə və Ermənistanın təcavüzünü qətiyyətlə pislədiklərinə görə üzv dövlətlərə təşəkkür edib.

"İslamofobiya" meyillərinin güclənməsinə münasibətdə Azərbaycanın narahatlığını ifadə edən nazir Elmar Məmmədyarov Azərbaycanın dini zəmində nifrətin aradan qaldırılması, dinlər və mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti