Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir E.Tariverdiyeva/
İranın nüvə proqramı üzrə danışıqlarda müəyyən bir hədd var ki, onu keçmək olmaz. Trend-in çərşənbə günü IRINN dövlət telekanalına istinadən verdiyi məlumata görə, bunu İranın Ali dini lideri Ayətullah Əli Xamneyi deyib.
Ə.Xamneyi bildirib: "Danışıqların təfərrüatlarına qarışmaq istəmirəm, lakin təkid edirəm ki, İran xalqının bütün hüquqları, o cümlədən nüvə tədqiqatına olan haqqı qorunmalıdır".
Ə. Xamneyi bu bəyanatı "Bəsic" könüllü qüvvələrin komandirləri qarşısında çıxış edərkən deyib.
O bəyan edib ki, İran və Qərb ölkələri arasında nüvə problemi üzrə danışıqlara başçılıq edən rəsmi şəxsləri tam dəstəkləyir.
İrana qarşı tətbiq edilmiş sanksiyaları şərh edən Ali dini lider vurğulayıb ki, ölkə xalqı heç vaxt təslim olmayıb və təhlükələri imkanlara çevirəcək: "Sanksiyalar İranın düşmənlərinə fayda verməyəcək. İran ABŞ xalqı ilə düşmənçilik etmir. ABŞ hökuməti təkəbbürün təcəssümüdür. Rejimin təkəbbürü insanların haqqını tanımır. Onlar digər ölkələrin işinə müdaxilə edir və öz dəyərlərini digərlərinə sırımağa çalışırlar. ABŞ İranın dünyanın ən vacib regionların birində ən təsirli qüvvələrdən biri olmasını anlamaqda çətinlik çəkir".