...

Siyavuş Novruzov: Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrup sərhəddəki problemə ciddi yanaşmalıdır

Siyasət Materials 22 Noyabr 2013 13:55 (UTC +04:00)
Millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Xarici İşlər Nazirliyini İran səfirliyi qarşısında iki ölkə sərhədindəki problemlərlə bağlı məsələni qaldırmağa çağırıb.
Siyavuş Novruzov: Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrup sərhəddəki problemə ciddi yanaşmalıdır

Azərbaycan, Bakı, 22 noyabr/Trend, müxbir A. Axundov/

Millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Xarici İşlər Nazirliyini İran səfirliyi qarşısında iki ölkə sərhədindəki problemlərlə bağlı məsələni qaldırmağa çağırıb.

Trend-in məlumatına görə, S.Novruzov bildirib ki, hazırda Naxçıvan Muxtar Respublikası (NMR) blokada vəziyyətindədir və respublikaya kömək etmək əvəzinə sərhəddə yanacaq, məhsul və digər malların keçirilməsi ilə bağlı əlavə problemlər yaradılır.

Onun sözlərinə görə, qışın gəlişi ilə belə vəziyyət NMR əhalisi üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər: "Bu gün Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupun iclası keçiriləcək. Mən qrup iştirakçılarını bu məsələyə ciddi yanaşmağa çağırıram".

Hazırda Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrində minik və yük avtomobillərinin gediş-gəlişinə icazə verilib. İrana yola düşmək istəyən vətəndaşlar üçün də heç bir problem yoxdur.

Xatırladaq ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrini noyabrın 7-dən etibarən bağlamışdı. İki gün əvvəl isə sərhəd-keçid məntəqəsində piyadaların gediş-gəlişinə icazə verilmişdi.

İran tərəfi bu addımın Azərbaycanın Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atıldığını bildirirdi.

Qeyd edək ki, noyabrın 5-də saat 18:15 radələrində Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb. Həmin vaxt sürücü atəşdən yayınmaq məqsədilə özünü traktordan ataraq dambanın arxasına keçib. Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gəliblər. Hadisə yerinə baxış keçirilib və aidiyyəti üzrə məlumat verilib. İran rəsmiləri bildirir ki, bundan sonra Azərbaycan tərəfi Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti