...

Elmar Məmmədyarov: İslamofobiya meyillərinin qarşısını almaq üçün İƏT çərçivəsində səylərimizin birləşdirilməsi çox vacibdir

Siyasət Materials 10 Dekabr 2013 11:40 (UTC +04:00)
İslam Ümməti ilə mədəni, dini və tarixi köklərlə bağlı olan Azərbaycan hər zaman İslam ölkələri ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin inkişafına böyük önəm vermişdir.
Elmar Məmmədyarov: İslamofobiya meyillərinin qarşısını almaq üçün İƏT çərçivəsində səylərimizin birləşdirilməsi çox vacibdir

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir E.Mehdiyev/

İslam Ümməti ilə mədəni, dini və tarixi köklərlə bağlı olan Azərbaycan hər zaman İslam ölkələri ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin inkişafına böyük önəm vermişdir. Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan coğrafi mövqeyinə görə əsrlər boyu qərb və şərq sivilizasiyaları arasında körpü rolunu oynamışdır. Azərbaycan hər zaman dünyada İslamın mədəni və mənəvi dəyərlərini təşviq etmişdir: "Azərbaycan Respublikası hər zaman dini nifrətə rəvac verilməsi və dinlərin təhqir olunmasına qarşı qəti mübarizəyə çağırmışdır. Bu gün mövcud olan İslamofobiya meyillərinin qarşısını almaq üçün İƏT çərçivəsində səylərimizin birləşdirilməsi çox vacibdir. Müsəlmanlara qarşı İslamofobiya meylli yanaşma yalnız qəbuledilməz olmayaraq, eləcə də İslamofobiyaya qarşı müsəlman dövlətləri arasında həmrəylik və dialoqun gücləndirilməsi zərurətini yaradır".

E.Məmmədyarov hesab edir ki, İslam dünyasının qarşılaşdığı davamlı problemlər İƏT çərçivəsində geniş və səmərəli əməkdaşlığı vacib edir: "Azərbaycan xalqı bir daha qardaş Fələstin xalqına sabitlik və sülh naminə mübarizəsində və müstəqil dövlətinin yaradılmasında tam dəstəyini bəyan edir. 11 iyun 2013-cü il tarixində Bakı şəhərində Fələstin Dövlətinə yardım məqsədilə Təhlükəsiz İslam Maliyyə Şəbəkəsinin yaradılması və Müqəddəs Əl-Qüds şəhərinə dəstək üzrə iki İƏT-in xarici işlər nazirlərinin konfransları keçirilmişdir. Sözügedən konfranslar zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndə heyəti ehtiyac duyulan sosial və infrastruktur layihələrinin həyata keçirilməsi üçün Fələstinin hökumət orqanları və BMT-nin qurumları ilə görüşlər keçirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti