...

Siyavuş Novruzov: Müsavat Partiyası ilə AXCP arasında münasibətlər hələ 1992-ci ildən gərginləşib

Siyasət Materials 11 Mart 2014 12:15 (UTC +04:00)
Müsavat Partiyası ilə AXCP arasında münasibətlər hələ 1992-ci ildən gərginləşib. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavat Partiyası ilə AXCP arasında yaranan gərginliyə münasibət bildirərkən deyib.
Siyavuş Novruzov: Müsavat Partiyası ilə AXCP arasında münasibətlər hələ 1992-ci ildən gərginləşib

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyası ilə AXCP arasında münasibətlər hələ 1992-ci ildən gərginləşib. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavat Partiyası ilə AXCP arasında yaranan gərginliyə münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, həmin dövrdə Müsavat Partiyası yaranan kimi Xalq Cəbhəsini parçaladı və onun şinelindən çıxaraq özünə təşkilat yaratdı: "Burada əsas iddia Xalq Cəbhəsində toplaşan "yurd" və digər qrupları Elçibəy başda olmaqla, hakimiyyətdən uzaqlaşdırmaq və Müsavat Partiyasının özünün hakimiyyətə gəlməsindən ibarət idi. Hətta həmin dövrdə İsa Qəmbər bir ay müddətinə prezident səlahiyyətlərini həyata keçirdi və faktiki olaraq öz tərəfdarlarını həm rayon icra hakimiyyətlərinin başçısı, həm də ayrı-ayrı vəzifələrə təyin etməklə məşğul oldu".

Onun sözlərinə görə, Əbülfəz Elçibəy prezident seçilən kimi İsa Qəmbərin təyin etdiyi adamların çoxunu işdən azad etdi: "O dövrdən bunlar arasında belə gərgin münasibətlər var idi və mərhələ-mərhələ pik həddə çatdı".

S.Novruzov qeyd edib ki, nə 1998-ci il prezident seçkilərində Müsavat Partiyası Əbülfəz Elçibəyi vahid namizəd kimi qəbul etdi, nə də 2000-ci ilin parlament seçkilərinə bunlar vahid siyahı ilə gedə bildilər: "Yəni bunlar arasında heç vaxt münasibət olmayıb, ancaq didişmə olub. Bu da onu göstərir ki, bunların hər birinin şəxsi marağı var. Əgər bunlar özlərinin dediyi kimi, guya ümumxalq maraqları uğrunda mübarizə aparmalı olsaydılar, onda gərək bir yerdə olaydılar. Lakin mətbuatdan da görünür ki, bir-biriləriinn əleyhinə kifayət qədər həm kompromat səsləndirir, həm də mübarizə aparırlar".

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan istefa verdikdən sonra Müsavat Partiyası ilə AXCP arasında qarşılıqlı ittihamlar açıq müstəviyə keçib. Hətta Müsavatın Milli Şuradan istefa etməsi səbəbindən AXCP bu partiya ilə müttəfiqlik etməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti