...

Prezident İlham Əliyev: Hərbi büdcə, döyüş hazırlığı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaq

Siyasət Materials 19 Mart 2014 23:19 (UTC +04:00)
Hərbi büdcə, döyüş hazırlığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaqdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı bildirib.
Prezident İlham Əliyev: Hərbi büdcə, döyüş hazırlığı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaq

Azərbaycan, Bakı, 19 mart /Trend/

Hərbi büdcə, döyüş hazırlığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaqdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə keçirilən ümumxalq şənliyində çıxışı zamanı bildirib.

Prezident deyib ki, xarici siyasətlə bağlı əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır: "Uzun illərdir ki, beynəlxalq hüquq, ədalət pozulur. Çünki Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bizim tarixi, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır, yaratmışdır. Dağlıq Qarabağda bütün toponimlər Azərbaycan xalqının mədəniyyətini, tarixini əks etdirir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın böyük bir hissəsi qədim Azərbaycan torpaqlarıdır".

Azərbaycan Prezidenti qeyd edib ki, tarixi ədalət, beynəlxalq hüquq pozulub: "Çünki bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və Azərbaycanın ərazi bütövlüyü bu məsələnin həllində əsas rol oynayacaqdır. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Bu, beynəlxalq hüququn əsas baza prinsipləridir və Helsinki Yekun Aktında məhz bu prinsiplər əsas götürülmüşdür. Mən əminəm ki, bu münaqişə ədalətli və beynəlxalq hüquq əsasında öz həllini tapacaq, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edəcəkdir. Biz azərbaycanlılar Dağlıq Qarabağa, işğal edilmiş digər torpaqlara və bütün tarixi Azərbaycan torpaqlarına qayıdacağıq. Mən buna əminəm, buna şübhə etmirəm və buna nail olmaq üçün biz daha da güclü olmalıyıq".

Dövlət başçısı bildirib ki, bu gün dünyada beynəlxalq münasibətlərin həllində beynəlxalq hüquq, eyni zamanda, güc amili də ön plana çıxır. Belə olan halda hər bir ölkə öz gücünü artırmalıdır: "Biz bu məsələlərlə uzun illərdir ki, məşğuluq. Uzun illərdir ki, güclü iqtisadi potensialımızı yaradırıq. Bu potensial bizə imkan verir ki, müstəqil siyasət aparaq. Çünki iqtisadi müstəqillik, hərbi güc olmadan müstəqil siyasət aparmaq çox çətindir. Ona görə son illərdə ordu quruculuğuna çox böyük diqqət göstərilmişdir. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, nizam-intizam artır. Ordumuz hərbi texnika ilə təchiz edilir və hərbi büdcəmiz ildən-ilə artaraq böyük rəqəmlərə çatmışdır. Təkcə onu demək kifayətdir ki, bu gün bizim hərbi büdcəmiz Ermənistanın bütün dövlət büdcəsindən iki dəfə çoxdur. Hərbi büdcə, döyüş hazırlığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas rol oynayacaqdır. Bizim ideoloji əsaslarımız aydındır. Bu barədə mən artıq öz fikirlərimi bildirdim. Ermənistan isə faşist dövlətdir. Onların milli ideologiyası faşizmdir, ayrı-seçkilikdir, millətçilikdir. Bu ideologiyanın qurbanları məhz erməni xalqıdır ki, öz müstəqil inkişafından məhrumdur. Müstəqillik böyük bir şans, böyük bir nemət, sərvət idi".

İlham Əliyev deyib ki, Azərbaycan bu gün bu imkanlardan tam şəkildə istifadə etmişdir: "Ermənistan haqqında isə müstəqil dövlət sözünü ifadə etmək çox çətindir. Çünki nə müstəqil siyasəti, nə müstəqil iqtisadiyyatı vardır. Azərbaycan isə öz prinsipial mövqeyi ilə bütün dövrlərdə seçilmişdir. Bir daha demək istəyirəm ki, hər bir məsələ ilə bağlı bizim prinsipial, birmənalı mövqeyimiz vardır. Biz şərəflə yaşayırıq, biz ləyaqətli siyasət aparırıq və bizim siyasətimiz, bir daha demək istəyirəm ki, ümumbəşəri prinsiplər üzərində qurulubdur. Ermənistan-Azərbaycan münaqişəsi həll olunandan sonra əminəm ki, Ermənistan üçün də müstəqil ölkə kimi yaşamaq imkanları yaranacaqdır. İnanmıram ki, erməni xalqı indiki vəziyyətlə razılaşa bilsin. Çünki hər bir xalq azad, hər bir dövlət müstəqil olmaq istəyir. Bu gün Ermənistan haqqında bunu demək mümkün deyildir. Çünki Ermənistan ən yaxşı halda forpost kimi özünü göstərir".

Prezident bildirib ki, bölgə təhlükə mənbəyidir və bütün bölgədə xoşagəlməz proseslərin təşəbbüskarı da Ermənistandır: "Mən tam əminəm ki, Azərbaycanın artan gücü, bizim potensialımız və xarici siyasətlə bağlı apardığımız düşünülmüş, ölçülüb-biçilmiş siyasət bizə imkan verəcək ki, ərazi bütövlüyümüzü bərpa edə bilək. Bunun başqa yolu yoxdur. Tarixin gedişatı, bizim demoqrafik inkişafımız, iqtisadi potensialımız bunu deməyə əsas verir ki, Azərbaycanın milli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyildir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq. Çünki biz görürük ki, beynəlxalq aləmdə ikili standartlar mövcuddur. Biz də ikili standartların qurbanıyıq".

Xəbər lenti

Xəbər lenti