Azərbaycan, Bakı, 27 may /Trend, müxbir R.Hafizoğlu/
Milli və iqtisadi dirçəliş zamanı çatıb. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, dünyada müharibə dövrü yaşamış ölkələr var, lakin bu, onların dirçəlişinə mane olmayıb: "Onda nə üçün Türkiyə bu məsələdə gecikir?"
Baş nazir qeyd edib ki, Türkiyənin keçmişinə baxsaq, hər dəfə ölkə lider olmağa cəhd etdikdə terrorun və iqtisadi problemlərin ona mane olduğunu görərik: "Türkiyəyə qarşı əks-təbliğat aparılır. Lakin indi Türkiyənin dünya lideri olması üçün onun qarşısında heç bir iqtisadi və siyasi maneə yoxdur".
O bildirib ki, ölkədən kənardakı qüvvələr və Türkiyədəki siyasi qruplaşmalar hər vasitə ilə ölkənin adını ləkələməyə çalışırlar: "Türkiyədə konfessiyalararası münaqişənin başlamasına hər vasitə ilə çalışan qüvvələr var, lakin bu heç zaman olmayacaq".
R.T.Ərdoğan vurğulayıb ki, Ankaranın hədəfləri var və ölkə həmin hədəfləri reallaşdırmağa çalışır.
Bir müddət əvvəl Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıcdaroğlu bəyan etmişdi ki, hökumətin, o cümlədən Baş nazir Ərdoğanın siyasəti cəmiyyətin bütün təbəqələrini əhatə etmir.
O, qeyd edib ki, Baş nazir ölkəni daxili münaqişələrə sürükləyir.
CHP rəhbərinin sözlərinə görə, hakim partiya anlamalıdır ki, daxili siyasəti dəyişməyin zamanı çatıb.
Müxalifət lideri, həmçinin Baş naziri ölkədə konfessiyalararası münaqişə üçün şərait yaratmaqda günahlandırıb.