...

Ankara-Tehran münasibətləri: Reallıq və ümidlər

Siyasət Materials 10 İyun 2014 12:31 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhaninin Türkiyəyə səfəri hər iki dövlət üçün bir çox baxımdan əhəmiyyət kəsb edir. Prezident Ruhaninin Ankara səfərinin əhəmiyyətinin göstəricilərindən biri də onun Türkiyəyə 7 nazir və özəl şirkətlərdən 90 nümayəndə ilə gəlməsidir.
Ankara-Tehran münasibətləri: Reallıq və ümidlər

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

İran Prezidenti Həsən Ruhaninin Türkiyəyə səfəri hər iki dövlət üçün bir çox baxımdan əhəmiyyət kəsb edir. Prezident Ruhaninin Ankara səfərinin əhəmiyyətinin göstəricilərindən biri də onun Türkiyəyə 7 nazir və özəl şirkətlərdən 90 nümayəndə ilə gəlməsidir.

H.Ruhaninin türkiyəli həmkarı Abdullah Güllə görüşündə regional məsələlərlə [Suriya böhranı, İraqdakı siyasi gərginlik] yanaşı, heç şübhəsiz, iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsi də əsas müzakirə mövzularından biri oldu. İran Prezidenti görüşdən sonra verdiyi açıqlamada Tehranın Ankara ilə bir çox sahələrdə, o cümlədən bank sektoru, turizm və mədən sənayesi sahələrində əməkdaşlıq etmək istəyində olduğunu bildirdi.

Bundan əlavə, hər iki dövlətin rəsmiləri görüşlər zamanı iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 2020-ci ilə qədər 15 milyard dollardan 30 milyard dollara çatdırmaq barədə razılığa gəldilər. Bu gün hər iki ölkənin iqtisadi potensialı nəzərə alınsa, ticarət dövriyyəsinin 2020-ci ilə qədər bu səviyyəyə çatdırılacağını ehtimal etmək olar. İlk baxışdan Türkiyə və İran arasında iqtisadi münasibətlərin hər sahədə inkişaf etdiyi düşünülsə də, hazırda bu, belə deyil.

Ruhaninin Ankaraya səfəri zamanı ən önəmli müzakirə mövzularından biri də Türkiyənin İranı arbitraj məhkəməsinə verməsi məsələsi olacaq.

1996-cı ildə imzalanan müqaviləyə əsasən, İran hər il Türkiyəyə 10 milyard kubmetr qaz idxal etməlidir. Kommersiya sirri olduğu üçün İrandan idxal edilən qazın qiyməti açıqlanmasa da, Türkiyə KİV-nin məlumatına görə, Tehrandan idxal edilən qazın hər min kubmetrinə Ankara 490 ABŞ dolları ödəyir.

Sonralar bu məbləğ Ankaranı qane etmədiyi üçün Türkiyə 2012-ci ildə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edərək Tehrandan qaz satışına 30% endirim tələb edib.

İran isə öz növbəsində Ankaraya bir şərtlə güzəştə getməyə hazır olduğunu bildirib ki, Türkiyə İrandan idxal etdiyi qazın həcmini artırmalıdır. Bu isə hazırda Ankaranın maraqları daxilində deyil.

Müzakirə edilən digər önəmli məsələlərdən biri də İranın "Xalq Bank"dan əlavə, Türkiyənin digər bankları ilə də əməkdaşlıq etmək istəyidir. 2012-ci ilin martından etibarən Tehrana tətbiq edilən embarqo çərçivəsində ölkəyə beynəlxalq valyuta köçürmələri qadağan edilib, buna baxmayaraq, Türkiyənin "Xalq Bank"ı İrana valyuta köçürmələri həyata keçirir. Embarqolar nəzərə alınsa, Türkiyənin hansısa digər bankı çətin ki, İranla beynəlxalq valyuta köçürmələri sahəsində əməkdaşlıq etsin.

Ankara-Tehran münasibətlərinə sadəcə iqtisadi cəhətdən yanaşmaq doğru olmazdı. Bu gün hər iki ölkə siyasi müstəvidə söz sahibidir. Xüsusən də Yaxın Şərq siyasəti Ankara və Tehransız təsəvvür edilə bilməz. Lakin bu, o demək deyil ki, regionda sadəcə bu iki dövlətin maraqları üstünlük təşkil edir.

Bu gün Ankara və Tehran arasında siyasi müstəvidə bir çox fikir ayrılığının [Suriya böhranı, İraqdakı siyasi gərginlik, Misirdə "Müsəlman qardaşlar" hakimiyyətinin süqutu] mövcudluğuna baxmayaraq, tərəflər arasında əməkdaşlıq regionda müvəqqəti də olsa stabillik yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti