Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir Elçin Mehdiyev/
"Hərbi hissənin döyüş hazirliği yüksək səviyyədədir". Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov Bərdədə yerləşən "N" saylı hərbi hissənin xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin vəziyyətinin yoxlayərkən deyib.
Məlumatda bildirilir ki, Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-mayor Şahin Məmmədov qoşunların Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində olub.
Qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin vəziyyətinin yoxlanılması məqsədi daşıyan səfər çərçivəsində Daxili Qoşunların Komandanı ilk növbədə hərbi hissənin döyüş hazırlığını, təlim-tədrisin vəziyyətini yoxlamış, şəxsi heyətin kazarma-məişət şəraiti və təminat-təhcizatı ilə maraqlanıb.
Hərbi hissə komandiri məruzə edərək bildirib ki, şəxsi heyət yüksək döyüş qabiliyyətinə malikdir və mənəvi-psixoloji vəziyyət tələb olunan səviyyədədir.
Sonra Daxili Qoşunların Komandanı hərbi hissənin idarə heyətilə xidməti müşavirə keçirib. Ölkəmizin iqtisadi qüdrətinin artmasının Silahlı Qüvvələrimizin möhkəmlənməsinə geniş imkanlar açdığını deyən Daxili Qoşunların Komandanı xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü islahatlar öz bəhrəsini verməkdədir.
Bildirilib ki, elə bunun nəticəsidir ki, ən müasir silah və texnikalarla təchiz olunmuş Azərbaycan ordusu Cənubi Qafqazda liderliyi qoruyub saxlamaqdadır.
Ötən dövr ərzində hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlərdən razılığının ifadə edən general-mayor Ş.Məmmədov şəxsi heyətin hazırlığını yüksək qiymətləndirərək, zabit və gizirlərin peşə vərdişlərinin artırılması istiqamətində səylərin daha da artırılmasının, hər an istənilən tapşırığın yerinə yetirilməyə hazır olmalarının vacibliyini qeyd edib.
Müşavirənin sonunda komandan konkret tapşırıqlar verib.