Azərbaycan, Bakı, 10 sentyabr /Trend/
Yunanıstan parlamenti sentyabrın 9-na keçən gecə irqçilik və ksenofobiya zəminində zorakılığın qızışdırılmasına, Holokostun, nasizmin və qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəzanı nəzərdə tutan irqçilik əleyhinə qanun layihəsini qəbul edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər yayıb.
Yunanıstan Ədliyyə Nazirliyinin iddiasına görə, qanunun hədəflərindən biri ölkə qanunvericiliyinin Aİ-nin 2008-ci il Çərçivə qərarına uyğunlaşdırılmasıdır.
Qanun layihəsi adbaad səsə qoyulub. Hökumət koalisiyasına daxil olan Yeni Demokratiya Partiyası və PASOK-dan başqa, qanunu "Demokratik sollar" (DİMAR) və bir neçə müstəqil deputat dəstəkləyib. Solçu müxalifət qanunun dar hədəflər güddüyünü güman edərək ona qarşı çıxıb.
Yunanıstan Kommunist Partiyası bildirib ki, qanun irqçiliklə və nasizmlə mübarizə bəhanəsi ilə fəhlə hərəkatının, kommunist ideologiyasının kriminallaşdırılmasına yol açır və ABŞ, NATO və Avropa İttifaqının Yuqoslaviyada başladıqları müharibəyə qarşı çıxanların əleyhinə istifadə edilmiş ola bilər. İfrat sağçı Qızıl Şəfəq Partiyası isə qanunun əleyhinə səs verərək bəyan edib ki, qanun təkcə millətçilərə deyil, həm də hakim rejimdən narazı olanlara qarşı istifadə oluna bilər.
İrqçilik əleyhinə adlandırılan qanunun müzakirələri demək olar ki, iki il davam edib və cəmiyyətdə ikitirəliyə səbəb olub. Çoxları onu antikonstitusion hesab edir.
Qanun irqi əlamətlərə, dərinin rənginə, dinə, mənşəyə və ya etnik mənsubiyyətə görə zorakılığı və ədavəti qızışdıran və ya buna çağıranlar, həmçinin ksenofob və ya irqçi təşkilatlarda iştirak edənlər üçün cəzanı nəzərdə tutur. İrqçiliyi dəstəkləyən partiyalar və ya birləşmələr altı aylıq müddətə dövlət maliyyələşdirməsindən məhrum ediləcəklər. Ədliyyə Nazirliyi irqçi çıxışlar edən şəxsləri on mindən 100 min avroya qədər cərimə edə biləcək. İrqçilikdə günahlandırılanlar üç aydan üç ilə qədər müddətə həbs edilə və beş mindən 20 min avroya qədər cərimələnə bilərlər.
Soyqırımı, insanlığa qarşı cinayətləri, hərbi cinayətləri, Holokostu və nasizmi inkar edənlər üç aydan üç ilə qədər həbs cəzasına məhkum ediləcəklər. Parlamentin deputatlarının və məmurların cəzası daha ciddi olacaq. Belə ki, onlar üçün həbs cəzasının müddəti üç ildən beş ilə qədər artacaq.