...

Müdafiə Nazirliyi ölkə başçısının cəbhə zonasında təhlükəsizlik tədbirləri ilə bağlı sərəncamının icrası ilə əlaqədar bəzi addımlar atıb

Siyasət Materials 26 Sentyabr 2014 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/

Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamın icrası ilə bağlı artıq Müdafiə Nazirliyi tərəfindən bəzi addımlar atılıb.

Görülən işlər barədə qısa zamanda kütləvi informasiya vasitələrinə və ictimaiyyətə məlumat veriləcək. Bunu Trend-in sorğusuna cavab olaraq, Müdafə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib.

Nazirliyin sözçüsü qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncam hazırkı dövrdə çox vacibdir və böyük əhəmiyyət kəsb edir: "Cari ilin iyul ayının sonları və avqust ayının əvvəllərində erməni kəşfiyyat-diversiya qruplarının Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində törətdikləri təxribatlar zamanı bəzi kütləvi informasiya vasitələri, xüsusilə internet informasiya resursları və sosial şəbəkələrin istifadəçilərinin qanunlarımıza zidd olaraq, qeyri-peşəkar, bəzi hallarda isə ermənilərin maraqlarına uyğun fəaliyyət göstərməsi dövlətimizin təhlükəsizliyi baxımından narahatlıq doğurmaya bilməzdi.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təşəbbüsü və rəhbərliyi ilə dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə də ortaya qoyulan əsas məsələ elə məhz bu mövzunu əhatə edirdi.

Sərəncamda Müdafiə Nazirliyi qarşısında qoyulan vəzifələr, o cümlədən müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən kütləvi informasiya vasitələri ilə münasibətlərin dövlət sirlərinin qorunmasını təmin etməklə qarşılıqlı anlaşma, şəffaflıq və dəqiqlik prinsipləri əsasında qurulması bizim gündəlik fəaliyyətimizin səmərəliliyinin daha da artırılmasına kömək edəcəkdir".

Qeyd edək ki, sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Müdafiə Nazirliyinə cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görmək, kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin etmək və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri müəyyən edib onların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını təşkil etmək tapşırılıb.

Bundan əlavə, Sərəncama əsasən, ölkə başçısı tərəfindən müdafiə məsələləri üzrə əlaqələndirmə şuraları, Nazirlər Kabineti, Prezident Administrasiyası və Mətbuat Şurasına da bir sıra tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti